28 Mart 2019 16:26
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının dəstəyi, Xarici İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycandakı səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpus nümayəndələri ilə “Azərbaycan Respublikasında sosial islahatlar” mövzusunda görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüşdə beynəlxalq qurumların ölkəmizdəki nümayəndəliklərinin rəhbər şəxsləri də iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial islahatlar proqramının milli əmək, məşğulluq, sosial müdafiə sisteminin güclənməsinə və əhatə dairəsinin genişlənməsinə imkan verdiyini deyib.

O, dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və DOST mərkəzlərinin yaradılması istiqamətində aparılan işləri qeyd edib.

Nazir şəhid ailələrinin birdəfəlik ödəmələrlə, şəhid ailələri və müharibə əlillərinin mənzillərlə, müharibə əlillərinin avtomobillərlə təminatı sahəsində işlərin ildən-ilə gücləndiyini vurğulayıb. O, bu sahələrdə atılan mühüm addımları, eləcə də problemli kreditlərin həlli və sosial müdafiə yönümlü digər mühüm tədbirləri diqqətə çatdırıb.

S.Babayev bildirib ki, yaxın günlərdə Prezident İlham Əliyev tərəfindən ilk DOST mərkəzinin binasının açılışı planlaşdırılır:

“Hazırda binada təmir işləri aparılır və yaxın gələcəkdə ilk binanın açılışı gözlənilir”.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov də təqdimatlarla çıxış ediblər.

Görüş iştirakçılarının əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlara dair sualları cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər