Sizə görə, Azərbaycan ədəbiyyatının ən yaxşı üç hekayəsi hansıdır?
Teleqraf.com bu sualla ədəbiyyat adamları arasında sorğu keçirib.
Cavabları təqdim edirik.
Yazıçı Səfər Alışarlı: “Məncə, ədəbiyyatımızda bunlar ən yaxşı hekayə adlandırılmağa layiqdir: Cəlil Məmmədquluzadə “Poçt qutusu”, Süleyman Sani Axundov “Qaraca qız”, İsa Hüseynov “Teleqram”.
Ədəbi tənqidçi Cavanşir Yusifli: “Əslində yaxşı hekayələrin sayı çoxdur. Seçim etmək lazım gələndə ən yaxşılarını seçməli olursan, amma bəlkə bunlardan daha yaxşıları var. Kim bilir... Beləliklə, Cəlil Məmmədquluzadənin “Quzu” hekayəsi bura aiddir, nəsr ustadından ən yaxşısını seçmək çətindir. Meyarlar seçim zamanı əriyib gedir.
Bundan başqa, Yusif Vəzir Çəmənzəminlinin “Cənnətin qəbzi” hekayəsi… Bu hekayəni niyə seçdim? Orada bir XX əsr nasiri kimi Yusif Vəzirin geniş erudisiya və zəkası bilinir. Nəhayət, Yusif Səmədoğlunun “Astana”, yaxud “Bayatı-Şiraz” hekayəsi… Əlavə olaraq mərhum yazıçımız Şahmarın bütün hekayələrin daxil etmək olar”.
Yazıçı Səhər Əhməd: “Cəlil Məmmədquluzadə “Poçt qutusu”, Anar “Mən, sən, o və telefon”, Əkrəm Əylisli “Ürək yaman şeydir”.
Yazıçı Zahid Sarıtorpaq: “Əbdürrəhim bəy Haqverdiyev “Xortdanın cəhənnəm məktubları”, Ənvər Məmmədxanlı “Buz heykəl”, Yusif Səmədoğlu “Bayatı-Şiraz”.
Yazıçı Şərif Ağayar: “Çətindir. Seçə bilmirəm. Sevdiyim hekayələri saya bilərəm sadəcə. “Usta Zeynal” (Mirzə Cəlil), “Qaraca qız” (Süleyman Sani Axundov), “Balıq gülüşü” (Mübariz Örən), “Kəndə gün doğanda qayıdacağıq” (Elçin Hüseynbəyli), “Hörümçək” (Mirmehdi Ağaoğlu)”.
Şair Zahir Əzəmət: “Usta Zeynal” (Mirzə Cəlil), “Ürək yaman şeydir” (Əkrəm Əylisli), “Düşmənimin xatirinə” (Rafiq Tağı).
Yazıçı Günel Eyvazlı: “Əslində, ədəbiyyatımızın üç ən yaxşı hekayəsi deyib məhdud danışmaq doğru deyil. Yəni mənim daxili, təfəkkür siyahımda belə hekayələr onlarladır. İndi bu hekayə siyahımdan məhz üçünü söyləmək üzərimə böyük məsuliyyət yükləmiş olur.
Mənim üçün Kamal Abdullanın “Labirint” hekayəsi çox sevimlidir, unudulmazdır. İlqar Fəhminin “Görüş”, Kamran Nəzirlinin “Xalq artisti” hekayələri yaddaşımda ilişib qalan sevimli hekayələrdəndir.
Bir də yeniyetməlik dövrümdə Cəfər Cabbarlının “Aslan və Fərhad” hekayəsini sevmişdim. Sadaladığım hekayələr bədii- məzmun formasına görə bir-birindən tamamilə fərqlənir. Düşünürəm ki, bunları ədəbiyyatımızın ən yaxşı, uğurlu hekayələri adlandırmaq olar”.
Yazıçı Ayxan Ayvaz: “Çox çətin sualdır. Ovqata görə fərqli cavab vermək olar. Məsələn, Əkrəm Əylislinin “Ürək yaman şeydir", Yusif Səmədoğlunun “Bayatı-Şiraz”, Vaqif Nəsibin “Omaroğlunun qayıtması” hekayələrini deyə bilərəm. Amma təbii ki, siyahı dəyişə də bilər”.