Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, iclası giriş sözü ilə açan kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin gedişatı, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verib.
İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılıb, o cümlədən, iyul ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilib.
Bundan başqa, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarından müvəffəqiyyətlə keçib və icbari təlimi başa vurmuş vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılıb və müsbət qərar verilib, həmin şəxslər iclasda vəkil andı içiblər.
İclasda “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar təsdiq edilib, nağdsız hesablaşmaların cari ilin oktyabr ayının 1-dən etibarən tətbiq edilməsi qərara alınıb.
Bundan əlavə, iclasda vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərə 30 iyul 2019-cu il tarixdə, Azərbaycan vəkilliyinin 100 illiyinin təntənəli qeyd olunması ilə bağlı vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi, aztəminatlı ailələrə və sosial təyinatlı obyektlərə baş çəkilməsi tövsiyə edilib.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.