“İrəli” İctimai Birliyi tərəfindən uzun müddətdir davam edən SAY hərəkatının növbəti "SAY: Unity" layihəsi baş tutub.
Teleqraf.com xəbər verir ki, açıq hava şəraitində qurulan yaşayış çadırlarında qalan iştirakçılar gənclərlə iş üzrə aparılan inkişafetdirici fəaliyyətlərin cəmiyyət üçün rolu və gələcəkdə onlara nə kimi imkanlar yarada biləcəyi haqqında daha ətraflı məlumatlar əldə ediblər.
Ümumilikdə layihə çərçivəsində gənclərə vahid komanda halında işləmək, komanda quruculuğu, komanda əhval-ruhiyyəsinin artırılması istiqamətləri üzrə təlimlər keçirilib. Komanda quruculuğu haqqında danışılarkən "Effektiv komandanın səciyyəvi xüsusiyyətləri, komandanın inkişafı və birliyi, Konstruktiv Kommunikasiya" haqqında ətraflı olaraq layihə iştirakçılarına məlumatlar verilib.
Layihə çərçivəsində Azərbaycanın atributlarını özündə əks etdirən 6 komanda (“Alov”, “Muğam, “Kəpəz”, “Nar”, “Qobustan” və “Xarı Bülbül”) müxtəlif fəaliyyətlər üzrə bir-biri ilə mübarizə aparıblar.
Layihənin növbəti günlərində Hiking və həmrəylik oyunları keçirilib. Eyni zamanda ip dartma, Voleybol və futbol yarışı keçirilib, praktiki sessiyada komandalar hazırladıqları rəqsləri təqdim ediblər. Düşərgə müddətində “İrəli” sədri Mirhəsən Seyidov gənclərlə birlikdə olub və öz çıxışında komanda halında işləməyin, birlik olmağın vacibliyini vurğulayaraq gənclərlə müxtəlif müzakirələrdə iştirak edib.
Qeyd edək ki, “İrəli” İB bundan öncə də hər il “SAY: Support of
Azerbaijan Youth” hərəkatı adı altında “SAY:Könüllülük Akademiyası”, “SAY: Green”, “SAY:Multikulturalizm”, “SAY:Volunteering Festival”, “SAY:Solidarity”, “SAY:All Star” və “SAY:Cümhuriyyət” kimi böyük layihələri həyata keçirib və 500-ə yaxın gənci öz ətrafında toplayıb.