Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində bir köşkdə satıcının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktı aşkar edilib.
Həmin köşkün satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.