16 Yanvar 2020 09:14
1 763
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ildən paytaxtın Nizami rayonunda uşaq bağçalarına uşaqların elektron qəbulu sistemi tətbiq edilir. Pilot layihədə qazanılan təcrübə gələcəkdə paytaxtın digər rayonlarında elektron sistemin tətbiqinə kömək edəcək.

Ekspertlər pilot layihəni uğurlu addım kimi qiymətləndirirlər.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədovun Teleqraf.com-a açıqlamasına görə, sistem elə qurulmalıdır ki, uşaq bağçasının müdriyyətindən asılı olmasın: “Bağçalardakı elektron sistemdə valideynlərin seçim etməsi üçün mövcud yerlərin sayı göstərilməlidir. Problemləri həll etməkdən ötrü səriştəli komissiya olmalıdır. Məktəblərə qəbulla bağlı elektron sistemi tətbiq edəndə Təhsil Nazirliyindən asılı olmayan xeyli problemlər ortaya çıxdı”.

Ekspert qeyd edib ki, qeydiyyat prosesində əhalinin qeydiyyatda olduğu ünvanla yanaşı, yaşadığı ünvan da nəzərə alınmalıdır: “Əhalinin sonuncu dəfə siyahıyaalınması qüsurlu həyata keçirildi. Kimin harada yaşadığı bəlli deyil. İnsanlar kirayə mənzildə yaşayırlar, amma mənzil sahibi ilə kirayə müqavilələri yoxdur. Yaxud qeydiyyatda olduqları ünvan yaşadıqları ərazidən çox uzaqdadır. Bu da təcrübədə çoxsaylı problemlərə gətirib çıxarır”.

Sahib Məmmədov bildirib ki, uşaq bağçaları şəbəkəsinin gücləndirilməsi lazımdır: “Qiymətlərə nəzarət olunmaq şərtilə, özəl uşaq bağçaları şəbəkəsi yaradılmalıdır. Sahibkarlara dəstək olmaq lazımdır. Güzəşt tətbiq olunan bağçalar üçün razılaşdırılmış qiymətlər tətbiq oluna bilər”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, bu sistem şəffaflığın həyata keçirilməsi ilə yanaşı, valideynlərin işinin rahatlaşdırmaq məqsədi güdür: “Hazırda ölkədə 1600 uşaq bağçası var.Təəssüf ki, uşaq bağçalarının ümumi sayı uşaqların çox az bir hissəsinin yerləşdirilməsinə imkan verir. Təkcə Bakı şəhərində 317 uşaq bağçası-körpələr evi var və burada əhatə olunma aşağıdır”.

Ekspert bəzi dövlət bağçalarının valideynlərdən qanunsuz şəkildə ödəniş tələb etməsi məsələsinə də toxunub: “Proses elektronlaşdırılarsa, neqativ hallar aradan qalxacaq. Uşağın qeydiyyatdan keçməsi üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq, qəbula elektron qaydada ərazi prinsipi tətbiq ediləcək. Sistem kənar müdaxilələri aradan qaldıracaq.

Şagirdlərin düzgün bölüşdürülməsinə, yaxın ərazilərdə yaşayan və ya güzəşli kateqoriyaya malik olan şəxslərin məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasına geniş imkan yaradacaq”.

Kamran Əsədov qeyd edib ki, ölkə üzrə bağça yaşına çatan uşaqların yalnız 25 faizi bu sistemə cəlb edilə bilir: “25 faizin demək olar ki, hamısı direktora müraciətlər əsasında, ödənişlər edərək qəbul edilir. Bu digərlərinin hüquqlarının pozulması hesabına baş verir. Təhsilin əlçatanlığı, əhatə dairəsinin genişlənmə prinsipinin həyata keçməsi üçün elektron xidmət vacib və zəruridir”.

Ekspert hesab edir ki, elektron qeydiyyat zamanı xidmətlərdən istifadə edə bilməyən ailələr də nəzərə alınmalıdır: “Bütün valideynlər elektron xidmətlərdən istifadə, şəxsi kabineti yarada bilmirlər. Bu zaman müəyyən çatışmazlıqlar ortaya çıxacaq. Bəziləri ərazi üzrə cəld tərpənib qediyyyatdan keçdikləri halda, digər şəxslərin qeydiyyatı üçün problem yaranır. Bu kimi halların qarşısını almaq üçün alternativ qeydiyyat mərkəzləri yaradılmalıdır”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər