28 Fevral 2020 13:23
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un sullarını Vəkillər Kollegiyasının üzvü, iqtisadçı Əkrəm Həsənov cavablandırıb. Müsahibəni təqdim edirik:

– Əkrəm bəy, yeni növ koronavirus – COVID-19-un yayıldığı ilk gündən bu ətrafda süni ajiotaj yaradılaraq, son nəticədə onun güclənməkdə olan Çinin, o cümlədən Çin iqtisadiyyatının çökdürülməsinə xidmət etdiyinə dair iddialar da ortaya atılıb. Siz bu fikirlərlə razısınızmı?

– Birincisi, bununla razı deyiləm. Bu elə bir şeydir ki, artıq bütün dünyaya yayılır. Yalnız Çində deyil ki... İrana, İtaliyaya gedib çıxıb. Hətta Gürcüstanda da var. Yəni, hətta bunu kimsə bir alət, silah kimi istifadə etmək istəsə, başa düşməlidir ki, virus son nəticədə gəlib hamını vuracaq. Ona görə də inanmıram.

İkincisi, sözün düzü, mən bu virus ətrafında böyük söz-söhbət getdiyini, həddən artıq şişirdildiyini düşünürəm. O baxımdan ki, hər il qrip virusundan da o qədər insan ölür. Amma sağalanların sayı qat-qat çoxdur.

Məndə olan məlumata görə, koronavirusdan çox az sayda insan ölüb. Qalanları sağalırlar. Yəni, bu baxımdan da əlbəttə, müəyyən problemlər yaranır. Mən tibb sahəsi üzrə mütəxəssis deyiləm. Ona görə də dəqiq bilmirəm. Amma ilk baxışdan deyə bilərəm ki, bu virus yay aylarına qədər çözülsə, nəinki Çin, o cümlədən dünya iqtisadiyyatına da elə də ciddi zərər vurmayacaq. Aydındır ki, Çinə indi də zərər vurur. Çünki Çin bütün dünyaya ucuz qiymətə mal satır. Bunu hamımız bilirik. Biz də alırıq, istifadə edirik və sair. Amma prinsipcə hələlik Çinin iqtisadiyyatında bu elə də ciddi hiss olunmur. Əlbəttə, artıq müəyyən itkilər var. Nə qədər uzun müddət davam edəcəksə, o qədər də çox olacaq. Amma mən keçən həftə Çin iqtisadiyyatı üzrə göstəricilərə baxmışdım, iqtisadiyyatda sıfır tam neçə faizsə itki var idi. Dünya iqtisadiyyatı üçün bu göstərici eynidir.

Əgər bu virus ancaq Çində qalsaydı, qapansaydı, biz virusun Çin iqtisadiyyatının çökdürülməsinə hesablandığını deyə bilərdik. Belədə isə hər yerdə var. Əlbəttə, dünya iqtisadiyyatı üçün itkilər olacaq. Amma söhbət hansısa böyük itkilərdən, dünya böhranından-filan getmir.

– Hələlik virusun vaksini tapılmayıb. Bu onu deməyə əsas verirmi ki, vaksinin hazırlanmasının mümkün olmadığı müddətdə itkilərin miqyası daha böyük olacaq?

– Yaxın aylarda, yaya qədər vaksin tapılmasa, məsələnin ciddiləşəcəyini demək olacaq. Amma bu xəstəliyə yoluxanların əksəriyyəti ölmür. Onlar sağalırlar. Yəni, vaksin olmasa belə, insan orqanizmi özü mübarizə aparır. Biz bilirik ki, onsuz da təbiətdə viruslar çoxdur. Hamımız da hər il heç olmasa, bir dəfə də hansısa virusa yoluxuruq. Amma bizim xəstələnib-xəstələnmədiyimiz başqa məsələdir. Bu, orqanizmin həmin anda zəif olub-olmamasından asılıdır. Zəifləyibsə, immun sistemi aşağıdırsa, o zaman yoluxur. Xəstələndikdən sonra da o şəxslər ölür ki, immun sistemi həddən artıq zəifləyib. Yəni, bu baxımdan vaksini tapılmasa belə, koronavirus ən azı QİÇS deyil. Deyək ki, tutuldu, öldü. Hələlik bundan söhbət getmir.

– Məhz bu məqamlar koronavirus ətrafında bir növ böyük hay-küy qaldırıldığını deməyə əsas verirmi?

– Bu fikirlə razıyam. Hardasa müəyyən oyunbazlıq, yaxud bunun ətrafında oyun var. Yəqin ki, bu virusun özünün ortaya çıxması oyun deyil, amma təbii ki, bundan istifadə edirlər. İlk növbədə tibb sahəsində çalışanlar. Tibb sahəsi hər nə qədər ülvi və böyük amalları bəyan etsə də, son nəticədə bu da biznesdir. Bunun arxasında duranlar pul qazanmaq istəyirlər. Hətta bizdə bir neçə gün əvvəl deyirdilər ki, aptekdə adi spirt, qoruyucu maska yoxdur. Yəni, artıq bundan kimlərsə hələ balaca Azərbaycanda istifadə edir. İndi siz böyük ölkələrdəki vəziyyətə baxın.

Bundan əlavə siyasi cəhətdən də əlbəttə, heç kimdən gizli deyil ki, bu gün dünyanın bir nömrəli dövləti olan Birləşmiş Ştatların əsas rəqibi Çindir. Çini gözdən salmaq, vurmaq üçün bu söhbəti böyüdür, şişirdirlər. Aydın məsələdir və başadüşüləndir. Hətta, bizdə – Azərbaycanda da bu söhbəti şişirdirlər. Məsələn, mən “Feysbuk” səhifəmə daxil ola bilmirəm, hamı koronavirusdan yazır. Mən hələlik özümü saxlayıram, indiyədək bu barədə heç nə yazmamışam. Bu mövzunu həddən artıq şişirtməyə ehtiyac görmürəm. Düzdür, mən insanların narahatlığını başa düşürəm. Çünki hamı bilir ki, Azərbaycanın tibb sahəsində problemlər var. Başımıza bir iş gələndə – özü də kasıb insanlarımızı götürsək, – adətən sağalmaq üçün cənuba – İrana gedirlər. İndi orda da virus yayılıb. Amma hər halda orada tibbin bəzi sahələri bizdən güclüdür. Mənə elə gəlir ki, onlar hər halda bu problemi həll edə bilər.

– Siz COVID-19-un Çin və dünya iqtisadiyyatına güclü mənfi təsir göstərməyəcəyini bildirdiniz. Amma fevralın 17-də “Moody's” beynəlxalq reytinq agentliyi Çinin Ümumi Daxili Məhsulunun inkişaf tempinin koronavirus səbəbindən 2020-ci ildə 5,8 faizdən 5,2 faizə düşəcəyinə dair proqnoz verib. Agentlik, həmçinin, “G20” ölkələrində ÜDM-in artım proqnozunu 2020-ci il üçün nəzərdə tutulan 2,6%-dən 2,4%-ə endirib. Oxşar proqnozları Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da verib. Dünyanın ən varlı insanları isə fevralın 24-də fond birjalarında koronavirusun qlobal iqtisadiyyata zərbə vuracağı ilə bağlı narahatlıqlara görə 139 milyard dollar itiriblər...

– Təsir bu həddə ola bilər. Amma bu, böhran deyil. Mən də deyirəm ki, əlbəttə, itkilər olacaq və artıq var. Amma bu böhran həddində deyil. Bəli, ümummilli gəlirin, Ümumi Daxili Məhsulun həcmi düşəcək. Amma burda bir məqamı da nəzərə almaq lazımdır. “Moody's” beynəlxalq reytinq agentliyi, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu Birləşmiş Ştatların təsiri altında olan qurumlardır. Onlar bu vəziyyətdən istifadə edərək Çinə qarşı çıxış edirlər. Yəni, faktiki olaraq Çinlə əlaqə qurmağı, Çindən mal almağı əngəlləmək istəyirlər. Çinlə bağlanan on minlərlə müqavilənin icrası dayanıb. Bunlar əlbəttə, itkidir.

– Rəsmi Pekin 2049-cu ilədək dünyanın fövqəldövləti olmağı qarşısına məqsəd qoyub. Çin 2017-ci ildən etibarən 152 ölkəni əhatə edən, iqtisadi həcmi 21 trilyon ABŞ dolları olan “Kəmər və Yol” layihəsinin aktiv icrasına başlayıb. 2049-cu ildə başa çatacaq 30 illik meqalayihəni Çin mərkəzli ticarət şəbəkəsi yolu ilə Pekinin qlobal işlərdə dominantlıq əldə etmək vasitəsi kimi qiymətləndirirlər. COVID-19 Çinin dünyanın fövqəldövlət olmasına və “Kəmər və Yol” layihəsinin icrasına necə təsir edəcək?

– Belə deyək, indidən bununla bağlı, yəni Çinin dünyanın bir nömrəli dövləti olub-olmamasına dair proqnoz vermək çətindir. Azərbaycan üçün əlbəttə, yaxşı olardı ki, Çin dünyanın lider dövləti olmasın. Çin türk və müsəlmanlara qarşı çox aqressiv mövqedə olan dövlətdir. Tarixən də belə olub. Bu baxımdan bizə sözsüz ki, sərf etmir. Amma əlbəttə, hər şey ola bilər. Koronavirus və digər məsələlər də onu göstərir ki, dünyada hər an nə isə dəyişə bilər. Prinsipcə Çin hələlik bu yolla uğurla gedir və hesab etmirəm ki, koronavirus onu ciddi şəkildə bu yoldan saxlayacaq.

Çinin əsas məqsədi Qərblə digər dünya dövlətlərinin arasını vurmaqdır. Hamıya aydın olması üçün deyim ki, məsələn, Çin çox gözəl şəkildə Rusiya ilə Qərbin münasibətlərini pisləşdirdi. Əlbəttə, bunun arxasında Çin dayanır. Pekin başa düşür ki, Rusiya kimi böyük bir dövlət Qərbdən üz döndərsə Çin Rusiyanın şərq zonalarını yavaş-yavaş öz əlinə keçirəcək. Oralar çox gözəl yerlərdir. Çünki Rusiyanın əhalisi də azalır. Əgər proseslər bu istiqamətdə getsə, Çin öz məqsədlərinə nail ola biləcək. Bir məqama da fikir verin; Çinin dünyada dostu yoxdur. Yəni, o özüdür, təkdir. Amma Qərbin – Birləşmiş Ştatların dostları çoxdur. Çinin əsas məqsədi də odur ki, heç olmasa o dostların sayını azaltsın. Nə qədər çox azalda bilsə, Çin o qədər də bu arzusuna yaxınlaşacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər