Dünyada sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə təsirinin minimuma endirilməsi məqsədilə ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamına əsasən müvafiq tədbirlərin görülməsinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin idarə, müəssisə və təşkilatlara müraciətində bildirilir.
Qurum bəyan edib ki, dövlət dəstəyinin daha ünvanlı olması, nəticələrin düzgün qiymətləndirilməsi üçün ölkə iqtisadiyyatında baş verən proseslərin vaxtında və davamlı olaraq müşahidə olunması və operativ qərarların qəbul edilməsi məqsədilə statistik informasiya təminatının daha da gücləndirilməsi tələb olunur.
"Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə görülən tədbirlər çərçivəsində ölkəmizdə qeyri-iş günlərinin uzadıldığına rəğmən yuxarıda qeyd olunanları nəzərə alaraq, xüsusi karantin rejiminin tələblərini pozmadan cari ilin mart ayı üzrə rəsmi statistika hesabatlarının mümkün qədər qısa müddətdə, lakin aprelin 7-nə qədər onlayn rejimdə təqdim edilməsini sizdən xahiş edirik", - deyə müraciətdə qeyd olunub.