21 Aprel 2020 12:05
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft necə 1 dollara ola bilər? Axı hansı ağılsız 20 dollara çıxardığı neftin barrelini 1 dollara (sudan 50 dəfə ucuz) satar? Təbii ki, heç kim. Burada gəlib çıxırıq "fyüçers" adlanan sehirli sözə. Nədir fyüçers?

Bu sözləri Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov sosial şəbəkə hesabında qeyd edib:

"Təsəvvür edək ki, mən, məsələn, payızlıq pambıq əkirəm. Sizə isə payızda pambıq lazım olacaq. Siz gəlib mənə deyirsiniz: "Gəl, müqavilə imzalayaq ki, sən payızda mənə kilosu 50 qəpikdən 100 kilo pambıq satacaqan". Bu sövdələşmədə hər birimiz uda da, uduza da bilərik, amma gələcək riskləri sığortalamaq baxımından, ikimizə də sərf edir. Ona görə, belə bir anlaşma imzalayırıq: "Bu sənəd öz sahibinə ixtiyar verir ki, o, payızda kilosu 50 qəpikdən 100 kilo pambıq alsın". Bax, həmin bu anlaşma "fyüçers" (future - "gələcək" sözündəndir) adlanır.

Məsələ ondadır ki, fyüçersin özü də əmtəədir, yəni alınıb-satıla bilir. Siz yayda görsəniz ki, pambıq əkənlər azdır və vaxtı çatanda qiymət məsələn, 2 manat olacaq, payızı gözləmədən həmin fyüçersi 1.5 manata satıb, vaxtından qabaq qazancınızı götürə bilərsiniz. Və ya əksinə: Mümkündür ki, payızda pambığın kilosu 10 qəpik olsun. Onda siz həmin fyüçersi satmaq istəsəniz, təbii ki, ziyanla satacaqsınız".

O qeyd edib ki, bütün birja məhsulları (neft, pambıq, qızıl, gümüş, kofe, portağal şirəsi və s.) bu şəkildə gələcəyə planlanaraq alınıb-satılır: "Yəni, siz məndən sənəd almısınız ki, iyun ayında sizə barreli 30 dollardan milyon ton neft satacağam. İndi görürsünüz ki, yox, iyunda 30 dollara neft heç kimə lazım olmayacaq, ona görə də, əlinizdəki fyüçersi təcili sataraq, ziyanın yarısından qayıtmağa çalışırsınız.

Təsəvvür edin ki, hansısa konkret birjaya (məsələn, NYSE) çıxışı olan yüz min nəfər eyni anda həmin fyüçersləri başından rədd eləmək istəyir. Təbii ki, eyni anda hamı satsa, qiymət kəskin düşəcək. Amma satılan neft deyil axı, fyüçersdir. Hamı satdığı və alan olmadığı üçün fyüçersin qiyməti 1 dollara düşür. Burada ziyanı çəkən o fyüçersi iyun üçün 30 dollara alan şəxs, yəni treyderdir. Nefti çıxaran isə vaxtı çatanda onu fyüçersdə göstərilən qiymətə satacaq. Bu mexanizm təxminən belə işləyir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər