21 Aprel 2020 12:44
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan vətəndaşları koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən operativ və qabaqlayıcı tədbirlərə görə dövlət başçısına minnətdarlıq məktubları göndərməkdə davam edirlər.

Teleqraf.com Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir:

Biləsuvardan yazan Emin Mehtiyev Qarabağ müharibəsinin veteranı olduğunu, hazırda müəllim kimi çalışdığını və pandemiya ilə əlaqədar görülən tədbirlərə görə öz minnətdarlığını bildirib: "Hörmətli cənab Prezident. Mən Sizi kimi rəhbərlə fəxr edirəm. Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm. Siz daim xalqı düşünürsünüz. Bu ağır günlərdə isə qayğınız daha da artıb. Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm. Allah Sizi bizə çox görməsin".

Bakı şəhərində yaşayan təqaüdçü Qunça Qafarova ölkə başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirlərinin minimuma endirildiyini vurğulayıb: "Çox dəyərli və hörmətli cənab Prezidentimiz. Ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə sizə minnətdarlığımı çatdırıram. Mənim 69 yaşım var, bu ağır günlərdə Azərbaycan xalqının hər bir ailəsini öz ailəniz kimi gördünüz. Allahdan sizə uzun ömür və cansağlığı arzu edirəm".

Masallıdan məktun ünvanlayan tələbə Şəhriyar Cəfərli məktubu yazmaqda məqsədinin Azərbaycanın bir gənc vətəndaşı olaraq minnətdarlıq etmək olduğunu qeyd edib: "Dünyanın bu çətin vəziyyətində bizə öz qayğınızı əsirgəmirsiniz. Bu çətin günlərdə bir çox ölkələrin öz vətəndaşlarına göstərmədiyi qayğını Siz Azərbaycan vətəndaşlarına göstərirsiniz. Bunun üçün atam həmişə bizə “Azərbaycanlı olduğunuz üçün özünüzlə fəxr edin” deyir. Bu sevgi və qayğını bizə Siz bəxş etmisiniz. Siz heç zaman heç bir vətəndaşı yaddan çıxarmırsınız, biz tələbələrə də öz qayğınızı göstərirsiniz. Sizə öz adımdan və ailə üzvlərim adından dərin təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun".

Füzulidə yaşayan Yeganə Fərəcova cəbhə bölgəsində yaşayan vətəndaşların ölkə başçısı İlham Əliyev və Mehriban xanım Əliyevanın güclü iradəsi və qətiyyətli siyasəti nəticəsində mövcud pandemiyaya tez bir zamanda qalib gələcəyimizə inandıqlarını vurğulayıb: "Sizin atdığınız addımlar artıq öz səmərəsini verməkdədir. Bir neçə gündür pandemiya ilə bağlı açıqlanan statistika nikbinliyə əsas yaradır. Kim bilir, bəlkə də bir çoxları üçün qarşısıalınmaz olan bu düşmənə qarşı qələbəmiz bizim növbəti zəfərlərimizin başlanğıcı olacaqdır. Sizin sayənizdə yağı düşmənə də qalib gələcəyimizə və işğal altında olan torpaqlarımızı azad edəcəyimizə ümid edirik. Uca Allah Sizi və ailənizi qorusun".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər