Çinin Uhan şəhərində koronavirusa yoluxan və 2 aylıq müalicədən sonra xəstəliyə qalib gələn kardioloq Yi Fan və uroloq Hu Veifengin dərisinin rəngi dəyişilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 18-də infeksiyaya yoluxan həkimlər iki aylıq intensiv müalicədən sonra sağalıblar.
Çaşqına düşən Çin mütəxəssisləri həkimlərin dərisinin rənginin dəyişməsini virusun qaraciyərə zərər verməsi ilə əlaqələndirirlər. Virusa qalib gələn Hu Veifeng ayılanda və vəziyyəti haqqında öyrənəndə qorxduğunu, elə bil kabus gördüyünü bildirib.
Huazhong Elm və Texnologiya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Song Jianxin müalicə zamanı həkimlərin orqanlarının zədələndiyini deyib: "Qaraciyərdə toplanması lazım olan dəmir orqanlar düzgün işləmədiyi üçün qan damarlarına dolub. Bu səbəblə dəri rəngində dəyişiklik müşahidə olunub. Zaman keçdikcə dərinin əvvəlki rənginə dönəcəyi gözlənilir".
Digər tərəfdən, alimlər koronavirusun xəstələrin daxili orqanlarına ciddi zərər verə biləcəyini və post-travmatik stres pozğunluğuna səbəb olacağını bildirirlər.
Yale Universitetinin kardioloqu "COVID-19 yalnız tənəffüs yolu xəstəliyi deyil. Bu xəstəlik ürək, qaraciyər, böyrəklər, beyin, endokrin sistem və qan dövranı sisteminə təsir edə bilər" - deyib.