2 gün evə qapanmaq mənim üçün də xoş deyil. Çünki ilk gündən nəinki xüsusi karantin rejiminin qaydalarına, sosial məsafəyə, sanitariya-gigiyena normalarına əməl edirəm, həm də fasiləsiz olaraq COVID-19 təhlükəsindən yazıram, məsuliyyətsiz boşboğazların internet resurslarında, sosial şəbəkələrdə üyütdükləri yalanların mahiyyətini, ekstrasens, falçı və cadugərlərin əfsanə və nağıllarının cəfəngiyat olduğunu insanlara anlatmağa çalışıram. Doğrusunu deyim, hərdən yoruluram, tükənirəm, idrakı həqiqətə bağlı olanlara, kor cəhalətin dibinə varanlara təkrar-təkrar yeni növ koronavirusun ölümcül olduğunu izah etməkdən bezirəm. Amma sonra başqa seçimimin olmadığını qəbul edib, yoluma davam edirəm.
Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli deyib:
"Şəxsən məni məsuliyyət hissini tamamilə itirmiş, ən adi sanitariya-gigiyena qaydalarına əməl etmək istəməyən, sosial məsafə saxlamağı, maska taxmağı ar bilən, quş beyni ilə dünya siyasətinin altını üstünə çevirib COVID-19 adlı bir virusun olmadığını sübuta yetirməyə çalışan, marketlərdə ağzımın içinə girən, boynumun arxasına tövşüyən nadanların ucbatından evdə qalmaq qane etmir. Mənim kimi yüzminlərlə məsuliyyətli insanı da həmçinin...
Bu səbəbdən də sosial şəbəkələrdə marifləndirici statuslar, kütləvi informasiya vasitələrində şərh və açıqlamalar yazmaqla hansısa bir nəticəyə vara bilməyəcəyimizi düşünmürəm. İctimai qınağı aktiv mərhələyə keçirməyin zamanıdır".
Politoloq xüsusi karantin rejimi qaydalarına əməl etməyənləri tənqid eib: "Sosial məsafə saxlamayanları, maska taxmayanları, insanların sağlamlığı üçün real təhlükə yaradanları hər kəsin gözü qarşısında məsuliyyətli olmağa çağırmaq, anlamayanlara, yaxud anlamaq istəməyənlərə onların öz dilində izah etmək, bütün bunlardan sonra yenə cahilcəsinə öz məsuliyyətsiz davranışlarını davam etdirənlərlə isə qanunun ən sərt üzü ilə danışılmasına nail olmaq lazımdır. Başqa yol görmürəm.
Sadəcə polisin iştirakı ilə, yaxud marifləndirmə yoluyla qarşısına qanmamaq kimi topdağıtmaz bir məqsəd qoyanların, beyni bloklanmışların qayda-qanuna əməl etmələrinə nail ola biləcəyimiz barədə ümidlərimi tamamilə itirmişəm. Ümidsizəm və son 2 gündə baş verənlər bunun üçün ciddi əsasların olduğunu sübuta yetirir".
Elçin Mirzəbəyli vətəndaşları qanun keşikçiləri ilə birlikdə olmağa səsləyib: "İndi bəlkə də onlardan daha öndə addımlamaq lazımdır. Bir qrup cahilin öz vəzifəsini icra edən polis əməkdaşlarına qarşı sərgilədiyi utancverici davranışları, pəncərə və balkonlardan daşıdıqları “mənəvi dəyərləri” neçə yerə tolazladıqlarını gördük. Bütün bunlardan sonra bu sürü təfəkkürlü insanların məsuliyyətli olacaqlarını, başqalarının həyatını təhlükəyə atmayacaqlarını düşünmək çox böyük sadəlövhlük olardı.
Məhz buna görə də məsuliyyətli insanlar ilk növbədə özlərinin və doğmalarının həyatını, daha sonra ölkəmizin gələcəyini qorumaq üçün mücadilə aparmalı, cəhalətə, nadanlığa, mədəniyyətsizliyə, məsuliyyətsizliyə qarşı dirəniş göstərməlidirlər. Başqa seçim yoxdur".
Politoloq hesab edir ki, ictimai qınağı virtual dünyadan, efirdən, radio dalğalarından real həyata keçirmək üçün könüllülərdən ibarət çoxsaylı qruplar yaradıla bilər: "Media və QHT nümayəndələri də bu prosesdə fəal iştirak edə bilərlər. Bu həftəni “Məsuliyyət”, yaxud “Məsuliyyətsizliyə qarşı mübarizə” həftəsi elan etmək lazımdır!
Mən məsuliyyət hissini itirən insanların ucbatından qarşıdakı dövrdə şənbə, bazar, yaxud bayram günlərini evdə keçirmək istəmirəm. Evdə qalmaqdan xoşlandığım barədə səmimiyyətdən uzaq sözlər yazmaq fikrim də yoxdur. Buna görə də xüsusi karantin rejiminin sərtləşməsinə, hərəkət azadlığımın məhdudlaşdırılmasına, qızıl kimi vaxtımı dörd divar arasında keçirməyimə vəsilə olanlara qarşı açıq şəkildə mübarizə aparacağam. Siz necə?"