18 İyun 2020 12:17
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, düşdüyümüz durumun ciddiliyinin vətəndaşlarımız tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün biz media təmsilçiləri və jurnalistlər "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatında birləşdik.

Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O bildirib ki, hərəkatda birləşən həmkarların amalı, məqsədi evinə, ocağına bədbəxtlik gəlməsinə yol verməmək, dostlarımızı, çevrəmizi virusdan qorumaq və xilas etməkdir:

"Bu gündən Media Hərəkatına qoşulmuş bizlər, virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcəyik.

Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır: Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin.

Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın".

İradə İbrahimova vətəndaşları rastlaşdıqları bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırıb: " Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək.

Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk! Bütün həmkarlarımı bu hərəkata qoşulmağa çağırıram".

Hərəkatda hazırda bu şəxslər təmsil olunur: İradə İbrahimova, Aynur Camal, Anar Niftəliyev, Qurban Yaquboğlu, Nərgiz Cavadzadə, Aytən Novruz, Rəşad Məcid, Vüqar Rəhimzadə, Emin Musəvi, Nurşən Quliyev, Ləman Ələşrəfqızı, Mehriban Məmmədova, Murad Əliyev, Elçin Zahiroğlu, Əfqan Qafarlı, Mahir Məmmədli, Elnur Məhərrəmli, Gülşən Raufqızı, Namidə Bingöl, Səmayə Məmmədova, Elnur Kələntərli, Günay Malikqızı, Azər Qismət, Rəvanə Əliyeva, Ramina Eyvazqızı, Səbuhi Qafarov, Əlişir Əhəd, Mais Ağayev, Vüqar Hüseynov, Samir Əli, Pərvanə İmanova, Zöhrə Əliyeva, Kəmalə Namazova, Elməddin Quliyev.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər