Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 99-cu sessiyası başa çatıb.
Sessiyada Özbəkistan prezidenti İslam Kərimov, DTT-nin baş katibi Taleb Rifai, dünyanın 34 ölkəsindən 130-a yaxın nümayəndə, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri, həmcinin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Teleqraf.com xəbər verir ki, iki gün ərzində sessiyanın iclaslarında 2014-cü ildə beynəlxalq turizm və 2015-cü il üçün perspektivlər, ümumi fəaliyyət proqramının icrası, 2016-1017-ci illər üçün ümumi iş proqramı, beynəlxalq turizmin inkişafı istiqamətində görülən işlər, təşkilatın maliyyə vəziyyəti və digər məsələlər müzakirə edilib.
"Turizm və mədəniyyət-yeni tərəfdaşlıq modeli" mövzusuna həsr olunan iclasda çıxış edən nazir Əbülfəs Qarayev Prezidenti İlham Əliyevin mədəniyyət və turizm sahələrinə göstərdiyi diqqət və qayğıdan, dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən layihələrdən, o cümlədən Heydər Əliyev Fondunun xarici ölkələrdə reallaşdırdığı müvafiq aksiyalardan bəhs edib.
Qeyd edilib ki, bütün bunlar turistlərin ölkəmizə marağının artmasına səbəb olub.
“Bu gün Azərbaycan mədəniyyət və turizm sahələrini bir-birinə bağlayan, vahid struktur çərçivəsində birləşdirən yeganə ölkələrdəndir. Mədəniyyət və turizm müxtəlif mədəniyyətlər arasında dialoq və körpü rolu oynayır. Bunu nəzərə alaraq daha geniş layihələr həyata keçiririk", - deyə nazir vurğulayıb.
Ə.Qarayev DTT, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, İSESCO və Avropa Şurasının tərəfdaşlığı ilə Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə Azərbaycanda mədəniyyət və turizm nazirlərinin birgə konfransının baş tutduğunu da diqqətə çatdırıb.
Nazir deyib ki, gələn ilin may ayında Bakıda keçiriləcək üçüncü Forumda da mədəniyyət və turizm sahələrinə geniş yer veriləcək.
Sessiyada 2015-ci ildə DTT-nın İcraiyyə Şurasına Kambocanın sədlik etməsi qərara alınıb.
İlhamə