14 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri"nin qeyd olunmasına həsr olunmuş açılış tədbiri keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Şurasının və Avropa İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə sözügedən təşkilatlara üzv ölkələrin layihənin icrası üzrə məsul koordinatlarının, irsin qorunması və idarə edilməsi üzrə yerli və xarici ekspertlərin iştirakları nəzərdə tutulub.
14-16 oktyabr tarixlərində davam edəcək tədbirlər çərçivəsində Avropada layihənin cari il üçün yekun tədbiri, milli koordinatorların illik toplantısı və onlar üçün treninqlər təşkil olunacaq.
"Avropa İrs Günləri" layihəsinin qeyd edilməsi üzrə açılış tədbiri 14 oktyabr 2014-cü il tarixində saat 09.30-da "Four Seasons Hotel Baku" mehmanxanasının "Segah" zalında baş tutacaq.
Açılış tədbirində Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Draqana Filipoviç, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard, Avropa Komissiyasının "Yaradıcı Avropa Proqramının" rəhbəri Monika Urian de Souza və "Avropa İrs Günləri" layihənin meneceri Madelena Qrosmanın çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, "Avropa İrs Günləri" (EHDs), Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.
İlhamə