COVID-19 pandemiyasının səngidiyini düşündüyümüz Avropa ölkələrində artıq yenidən virusun yayılma faizi artmaqdadır. Bir çox ölkələrdə, xüsusən İngiltərədə virusun yayılmasında ikinci dalğa kimi qiymətləndirilən yayım faizi qeydə alınıb. Virusun yayılması ilə bağlı hallara diqqət yetirsək və qaydaları öz həyatımızı qorumaq üçün bir prinsip kimi qəbul etsək prosesdən az zərərlə çıxa bilərik.
Bu fikirləri Teleqraf.com-a əməkdar həkim İlhamə Cabbarova söyləyib.
Onun sözlərinə görə, karantin rejimi yumşaldıqda və yaxud tamamilə ləğv edildikdə yoluxmada artım qeydə alınır.
Əməkdar həkim bildirib ki, yumşalma dövründə insanlar daha diqqətli olmalıdır: “Çünki karantin olmadığı hallarda insanların sıxlığı müşahidə olunur. Məhz bu səbəbdən də insanların sıx olduğu yerlərdən uzaq durmaq, məsafə və tibbi maskadan istifadə etmək ən vacib məsləhətdir”.
İlhamə Cabbarova vurğulayıb ki, analoji vəziyyəti biz öz ölkəmizdə də yaşadıq: “Virus tam bitdi və vəziyyət nəzarət altındadır düşündüyümüz halda yoluxma sayı kəskin artdı. Amma buna baxmayaraq karantin qaydaları yenidən sərtləşəndən sonra vəziyyət demək olar ki, nəzarətə alınıb. Dövlətimiz tərəfindən lazımi tədbirlər görülür. Həkimlərimiz fədakarcasına xəstələrin sağalması üçün əlindən gələni edir”.
O, yoluxmada təkrar qeydə alınma halının da olduğunu bildirib: "Bu xəstəliyə yoluxmuş şəxsdə davamlı immunitet yaranmır. Təkrar yoluxma olsa da hələlik bu, ikinci dalğa adlandırılmır. Amma bu o demək deyil ki, ikinci dağla artıq qapıdadır. İkinci dalğanın olmaması üçün tövsiyələrə ciddi əməl etməliyik".
İlhamə Cabbarova əlavə edib ki, maskasız, çox sayda insanların bir yerdə toplaşması, qohum ziyarətləri, görüşəndə əl vermək və öpüşmək kimi vərdişlərə bir müddət riayət olunmaması məsləhətdir: “Ən vacib məqam isə sanki bir ayıbmış kimi bəzı insanların virusa yoluxduqlarını gizlətməyə çalışmasıdır. Beləliklə də ətrafdakı insanları yoluxdururlar. Bu, qətiyyən yolverilməzdir. Hər kəs bilir ki, hələlik bu xəstəliyə qarşı heç bir vaksin tapılmayıb. Ona görə də özümüz bu xəstəliyin yayılmaması üçün bütün gücümüzü sərf etməliyik”.