Qubada koronavirus xəstəsi yaşayış yerini tərk edərək insanlar üçün real təhlükə yaradıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Quba rayon sakini Gülbaba Abdullayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ona ev şəraitində müalicə təyin edilib.
Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan G.Abdullayevin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.