“Həmişə yoxladın, həmişə məğlub oldun. Problem deyil. Yenə yoxla, yenə məğlub ol. Daha yaxşı məğlub ol”.
Ədəbi tənqidçilərə görə, Samuel Bekket təkcə yaşadığı əsrin yox, bütün dövrlərin ən intellektual, qeyri-adi istedadlı yazıçılarından biridir, postmodernizmin atasıdır. Bekket onu tənqid edən ədəbiyyat adamlarına, ədəbi tənqidçilərə, jurnalistlərə cavab vermirdi, hətta təqdir edənlərə də səsini çıxarmamışdı. Səbəbi nədirsə, kimsəyə cavab vermək ehtiyacı hiss etməyib. Əsərləri barəsində yazılanlara sadəcə belə cavab vermişdi: “Əhəmiyyətli olan mənim kitablarımı oxuyanların avtobioqrafiyasıdır, mənimki deyil. Akademiklər mənim əsərlərimdən nəsə öyrənmək istəyirlərsə, öz həyatlarını araşdırsalar yaxşı olar”.
Ədəbi tənqidçilərə görə, Bekket insan daxilindəki qeyri-adi xaosu görməyə və anlamağa çalışan bir yazıçıdır , bununla belə nə əsərləri, nə də həyatında özünü göstərməyə, qaranlıq dünyasına işıq tutmağa cəhd edirdi. Bekket demək olar ki, nə özü, nə də əsərləri haqda danışırdı. Özü haqda yalnız bunu demişdi: “Yeganə insan mənəm, qalan hər şey ilahidir”.
Teleqraf.com yazıçı Samuel Bekketin həyatı və yaradıcılığı haqda məlumatları təqdim edir.
İrland yazıçı, dramaturq və tərcüməçi Samuel Bekket Dublində anadan olub. Dublindəki Triniti Kollecini 1927-ci ildə Roman Dilləri ixtisasına yiyələnərək bitirib. Bir il sonra Parisdə mühazirəçi olaraq akademik həyatına başlayanda yolu irland yazıçı Ceyms Coysla kəsişir. 1932-1937-ci illərdə Londonda yaşayıb. İlk roman və hekayələrini də bu illərdə yazıb.
İşıqdan zülmətə qaçış
İkinci Dünya müharibəsində fransızların müqavimət qruplaşmasına qatılır. Bekket 1942-ci ildə Gestaponun –Nasist Almaniyasının gizli polisindən xilas olmaq üçün Fransanın cənubuna gedir. Burada qaldığı iki il ərzində hər gün kənd təsərrüfatı işlərində çalışır, qaranlıq düşəndə gizli olaraq vacib əsərlərindən biri olan “Uott”ı yazır. 1946-1950-ci illər arasında “Molloy”, “Malon ölür” və “Adsız” trilogiyasını tamamlayır. Ən tanınmış və dəfələrlə səhnələşdirilən “Qodonu gözləyərkən” səsi çox eşidilən şah əsəridir. 1969-cu il ədəbiyyat üzrə Nobel mükafatı laureatı olan Bekket 1989-cu ildə Parisdə XX əsrin ən ciddi ədəbiyyat adamlarından biri kimi vəfat edir.
Suzanna ilə tanışlıq
1937-ci ildə Parisdə məskunlaşan Bekket bədbəxtlikdən bıçaqlanır və xəstəxanaya yerləşdirilir. Həmin vaxt tanış olduğu Suzanna hələ piano öyrənməklə məşğul olan bir tələbə idi. Daha sonra Bekketlə bir-birinə yoldaşlıq edir və bu birlikdəliyi 1961-ci ildə evliliklə taclandırırlar. Bu sevgi hər ikisi üçün yolun sonu olan 1989-cu ilə qədər davam edir.
Qodonu gözləyən adam
İlk dəfə 1951-ci ildə nəşr olunan “Molloy” yazıçının trilogiyasının ilk parçasıdır. Eyni zamanda, fransız dilində yazılmış romanın ingilis dilinə tərcüməsini də Bekket edir.
Samuel Bekket əsərlərini həm ingilis, həm də fransız dilində yazır. Bundan əlavə, bu dillərdən hansında yazırsa, digərinə tərcümə edir. Əsərlərinin tərcümə olunduğu dilin xüsusiyyətlərinə hakimdir və tərcümə sənətinin incəliklərini yaxşı bilir.
Coys, Dekart, Dante...
“Molloy” fransız tənqidçiləri tərəfindən tənqidlərə məruz qalır. 1949-cu ildə yazdığı “Qodonu gözləyərkən” ilk dəfə 1953-cü ildə səhnəyə qoyulur və yazıçıya böyük uğur qazandırır. Ceyms Coysun əsərlərinin tərcüməsi ilə də tanınan Bekketin əsərləri Coys, Dekart və Danteyə həsr olunub.
Bekketin tənha ruhları
Dövrünün tənqidçilərinə görə, Bekket hələ yaradıcılığın başlanğıcında bir yazının subyektiv təcrübələrin toplusu olduğunu başa düşür, əsərlərini qara yumorun orbitində qurur, ümidsiz bir dünyada yaşamaq üçün apardığı mübarizəni öz fonuna çevirir. Onun içində süni bir ümid və ya gülərüz bir sima yoxdur. Buna baxmayaraq Bekket qaranlıq deyil, gülür. Məna axtararkən insanlar hər səylərində demək olar ki, absurd şeylər düşünürlər və bu durum müəllifə görə insanları azad edir. Tənqidçilər deyirlər ki, Bekketin ədəbi kainatı ağlasığmazları dilə gətirmək üçün mübarizə aparan tənha ruhlarla doludur. Müəllifin yaratdığı nağılçılar bu ümidsiz mənzərəyə dözmək və ya yaşamaq üçün özləri üçün bir hekayə uydurur və onlara inanırlar. Ən əsası, nağılçı səssiz bir tipdir, qışqırmır və bu səssizlik əsər sona yaxınlaşdıqca artır. Tənqidçilərə görə, əslində Bekettin özü də belədir. Təsadüfi deyil ki, 1969-cu ildə Nobel mükafatına layiq görüləndə nitq söyləməkdən çəkinir. Məlumdur ki, kiçikhəcmli əsərlərinin çoxunu çap etməkdən də çəkinmişdi.
Nobel və fəlakət
Müəllif 1960-cı illərdən əsaslı bir dəyişikliyə məruz qalmağa başlayır. Bu dəyişiklik həm ədəbi, həm də şəxsi həyatını əhatə edir. 1961-ci ildə İngiltərədə təbiəti kimi gizli bir toy mərasimi təşkil edərək evlənir. Bir çox pyesi sayəsində qazandığı müvəffəqiyyət, xüsusən “Qodonu gözləyərkən” hər yerdən dəvət və təklif almasına imkan yaradır. Bir teatr yazıçısı olmaqla yanaşı, televiziya və kino üçün də mətnlər yazmağa başlayır. 1969-cu ildə Nobel Ədəbiyyat Mükafatını qazansa da, mükafatı almağa və nitq söyləməyə getmir.
Bekket sakit və gizli həyatın üzvüdür. Həyat yoldaşı Suzanna mükafatı qazanmasını müəllif üçün “fəlakət” adlandırır. Bekket bəzən müsahibədən imtina edir, lakin görüşməyi, tələbələrlə və sənətkarlarla söhbət etməyi sevir.
Dialoqdan qaçış
Samuel Bekket son əsərlərində səssiz və qapalı təbiətini daha çox göstərir. Bu o qədərdir ki, son əsərlərində söz və dialoq baxımından “xəsis” görünür. “Gəliş və gediş” adlı pyesində üç personaj cəmi 121 kəlmə danışır. “Azlıq” adlanan ən son əsəri hər biri ikinci dəfə təkrarlanan 60 sözdən ibarət bir nəsrdir.
Bekket sanki yaratdığı obrazlardan küsür, onları danışdırmırdı...