Yüksək təhsil standartlı ölkənin təcrübəsi öyrəniləcək
Bolqarıstan Respublikasının Gənclər və İdman Nazirinin müavini Kalin Kamenov, Könüllülərlə iş Milli Alyansının şəbəkə üzrə koordinatoru Vera Kirilova və BMT-də Bolqarıstanın gənclər nümayəndəsi Petır Mladenov Bakı Slavyan Universitetində qonaq olublar.
BSU-nun Mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, oktyabrın 29-da Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olan qonaqlar, bolqar dilini öyrənən tələbələrlə görüş zamanı bolqar dilində zəruri ədəbiyyatın, həmçinin tələbələrin dili öyrənərkən problemlərinin olub olmaması haqqında maraqlanıb və onlara təhsillə bağlı öz tövsiyyələrini veriblər. Qarşılıqlı maraq doğuran görüşdə tələbələr qonaqlara bolqar dilində şer və müsiqi nömrələri ifa ediblər. Nazir müavini Azərbaycanda bolqar dilinin belə səviyyədə tədris olunduğunu yüksək qiymətləndirib.
Qqonaqlar Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyevlə görüşüblər. Onları bu təhsil ocağında görməyinə şad olduğunu bildirən rektor BSU haqqında qonaqlara geniş məlumat verərək Bolqarıstan ali məktəbləri ilə universitet arasında olan əməkdaşlıq əlaqələrindən, burada fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzindən, həmçinin Bolqarıstanın Müqəddəs Kliment Oxridski adina Sofiya universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən danışıb.
Hər iki tərəf münasibətlərin genişlənməsi istiqamətində müştərək əməkdaşlıq haqqında fikir bildiriblər. Azərbaycana ilk səfərləri olduğunu bildirən qonaqlar bu ölkəyə heyran olduqlarını vurğulayıblar. Kalin Kamenov belə bir universitetdə azərbaycanlı gənclər tərəfindən bolqar dilinin öyrənilməsinin sevindirici hal olduğunu və BSU-nun rektoru A.A. Hacıyevə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Bolqarıstan Respublikası ənənəvi olaraq yüksək təhsil standartlarına malik ölkə kimi tanınır. Ölkədə təhsilə göstərilən qayğı bütün pillələr üzrə tədrisin keyfiyyətli təşkilinə imkan verir.
NİGAR