29 Aprel 2021 16:44
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkimlik sənətinə tarixən ən ülvi peşə, bu sənətin daşıyıcılarına isə ucalıq rəmzi kimi baxmışlar. Səhhətimizdə kiçik bir rahatsızlıq hiss etdikdə belə sağlamlığın həyatımızda nə qədər böyük önəm daşıdığının fərqinə varırıq. Şəfa tapmaq ümidilə qapısını döydüklərimiz isə təbii ki, sağlığımızın keşiyini çəkən şərəfli peşə sahibləri ─ həkimlər olur.

Sahib olduğu peşəni ləyaqətlə davam etdirən tibb işçilərimizin nə qədər müqəddəs və şərəfli işi öz öhdələrinə götürmələrini təxmin etmək o qədər də çətin deyil. Ən adi bir şikayətdən tutmuş ciddi cərrahi müdaxiləyə qədər şəfalı əllərinə ehtiyac duyduğumuz bu ali sənət sahiblərinə nə qədər təşəkkür etsək, yenə də azdır.

Artıq bir ildən artıq müddətdir ki, qloballaşan dünyamız koronavirus pandemiyası ilə üz-üzə qalıb. Bəşəriyyəti öz cənginə alan bu gözəgörünməz bəla ilə mübarizədə də pənah apardığmız yer göydə Allah, yerdə isə Hippokrat andı içmiş həkimlərimizdir.

Təəssüflə deməliyik ki, verdiyi sözü tutmayıb, içdiyi anda naxələf çıxan həkimlərimiz də az deyil. Son günlər ölkəmizdə baş verən xoşagəlməz olaylar bunu bir daha təsdiq etdi. Pandemiya ilə mübarizədə aktiv və ağır xəstələrə yardım etmək məqsədilə yaradılan iki böyük baş həkiminin qanunsuz əməllərinə təbii ki, heç cür haqq qazandırmaq olmaz. Baş prokurorluğun ciddi yoxlamaları nəticəsində üzə çıxarılan bu faktlar heç şübhəsiz ki, səhiyyəmizə ləkə gətirən mənfi hal kimi tarixdə izini qoydu.

Hər birimizdə qıcıq yaradan qanuna zidd hərəkətlərə ölkə başçısı göz yuma bilməzdi və cənab Prezidentin baş verən olaylara adekvat addım atması gözlənilən idi. Belə ki, Səhiyyə nazirinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı verilmiş sərəncam hazırkı durumda səhiyyəmizə olan güvəni, etibarı geri qaytarmaq üçün yerində verilmiş qərar hesab edilə bilər.

Şükürlər olsun ki, bu çətin sınaq müddətində, ölümlə-qalımın bərabər addımladığı pandemiya dövründə bu ali və nəcib peşənin sözün əsl mənasında gərəyincə öhdəsindən gələn həkimlərimiz və ümumilikdə götürsək, tibb müəssisələrimiz də az deyil. Bu gün işıq tutmaq istədiyimiz belə klinikalardan biri isə Bakı Sağlamlıq Mərkəzidir.

Hər şeydən öncə onu qeyd etməliyik ki, bu tibb müəssisəsi daşıdığı adı göstərdiyi xidmətlə doğrultmağa çalışır. İnsanlara şəfqət göstərməyi başlıca amal hesab edən klinika cəmi yeddi illik bir inkişaf yolu keçsə də, qısa bir zamanda ona pənah gətirənlərin böyük etimadını qazanmışdır. Ən son tibbi avadanlıqlarla təchiz olunmuş və 55 min kvadratmetr sahəni çevrələyən bu klinika ölkənin ən böyük tibb müəssisələrindən biridir. İnsanların şəfa tapmaq üçün üz tutduqları Bakı Sağlamlıq Mərkəzinə Asiman Həsənov rəhbərlik edir. İcraçı direktorun ətrafına topladığı uğurlu tibbi heyətin, xüsusilə istedadlı və məsuliyyətli gənc kadrların sayəsində klinikaya müraciət edənlərin sayı günü-gündən artır.

Hazırkı şəraitdə, pandemiyanın xüsusilə geniş əl-qol açdığı bir şəraitdə sözügedən müəssisənin onuncu mərtəbəsində yerləşən və tam şəkildə virusla mübarizəyə yönəlmiş İnfeksiya şöbəsinin göstərdiyi fədakarlıq isə danılmazdır. Adını çəkməyi xüsusilə vacib saydığımız sözügedən şöbənin müdiri Zakir Quliyev üzərinə götürdüyü bu çətin və məsuliyyətli yükü vicdanla həyata keçirən həkimlərimizdəndir. Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirdikdən sonra qardaş Türkiyənin İstanbul şəhərində beş il uzmanlığın sirlərini öyrənən həkimin hər incə, hər kiçik detala belə dərhal, yerindəcə göstərdiyi həssaslıq işinə olan sevgisinin bariz nümunəsidir. Emin Abışov, Xalid Qurbanzadə, Əlturan Hüseynzadə kimi digər həkim əməkdaşlar da Z.Quliyev kimi seçdikləri peşənin arxasında vicdanla dayanmağı bacaran həkimlərimizdəndir. Adıkeçən və keçməyən bu ali sənət sahibləri, eləcə də sözügedən klinikanın şəfqət bacıları vətəndaş sağlamlığının ən öndə gələn prioritet olduğunu dərk edərək, mövcud durumda öz həyatlarını da təhlükəyə ataraq, gecə-gündüz bilmədən bu şərəfli işin başındadırlar.

Məhz bu cür peşəkar tibbi xidmətin və qayğının göstəricisidir ki, ölkəmizin tanınmış elm, təhsil və sənət adamları da sağlamlıqlarını bu klinikaya etibar edirlər.

Son günlər gördüyü işlərlə yaxşı mənada seçilən bu müəssisəyə üz tutanlardan biri də AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovdur. Tanınmış ziyalı, dəyərli alim M.Kazımoğlu-İmanov yoluxduğu koronavirus bəlası ilə mübarizədə sözügedən tibb müəssisəsində müalicə alıb. Bizimlə telefon söhbətində hörmətli akademik tibbi heyətin ən kiçik vəzifəli nümayəndəsindən tutmuş ən səlahiyyətli şəxsinə qədər fərq qoymadan hər kəsə böyük sevgi ilə yanaşdığını dilə gətirərək, klinikadan razılıq etdi. Alimin sözlərinə görə, müasir avadanlıqlarla təchiz olunmuş tibb müəssisəsinin əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirməklə yanaşı xoş əhval-ruhiyyə və gülərüzlə xəstələrin qayğısını çəkirlər. Söhbətimiz əsnasında akademik M.Kazımoğlu-İmanov klinikada şahidi olduğu üç cəhəti ─ operativ təşkilatçılığı, həkim peşəkarlığını, eləcə də tibbi xidmətin məsuliyyətlə yerinə yetirilməsini xüsusi vurğuladı.

Alimin qeyd etdiyi bu nüanslar, bu ab-hava şübhəsiz ki, sözügedən tibb ocağına şəfa dalınca gələn xəstələrin də tezliklə xəstəlikdən qurtulub yenidən normal həyata dönmələrinə bilavasitə təsir edir. Bakı Sağlamlıq Mərkəzində müalicə alan hər bir fərdə göstərilən bu diqqəti, bu qayğını yalnız alqışlamaq olar. İnsanlara yaşamaq sevincini bəxş edən, “Sizin sağlamlığınız, bizim sağlamlığımızdır!” devizini hər zaman uca tutan yüksəkixtisaslı, qayğıkeş həkimlərimizin çox olması həm də sağlam gələcəkdən soraq verir. Sağlamlığımızı etibarlı əllərə təslim edək!

Sönməz Abbaslı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər