21 İyul 2021 01:22
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Event Horizon Telescope” layihəsinin iştirakçıları Sentavr A qalaktikasında ifrat massiv qara dəlik jetlərinin hələ ki ən dəqiq fotolarını əldə ediblər. Bu şəkillər bütün ölçüdə və kütlədə qara dəliklərin oxşar quruluşunu təsdiq edib. Tədqiqatın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub.

Teleqraf.com TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçıların fikrincə, qara dəliyin kütləsi və doğurduğu şüanın parlaqlığı öz aralarında ayrılmaz şəkildə bağlıdır. Bu qanunauyğunluq ulduz kütləsi obyektlərinin və qalaktika mərkəzlərində ən böyük qara dəliklərin müşahidə edilməsinin nəticələri əsasında müəyyənləşdirilib. Sentavr A qalaktikasının müşahidələri bu ideyanın “orta” ölçüdə ifrat massiv qara dəliklər üçün ədalətli olduğunu təsdiqləyib.

Hadisə Üfüqü Teleskopu (Event Horizon Telescope, EHT) dünyada bir neçə ən həssas mikrodalğalı radiorəsədxana gücünü birləşdirən virtual rəsədxana-interferometrdir. Layihə 2009-cu ildə iki obyekti – Süd Yolu qalaktikasının mərkəzində yerləşən (Sgr A*) qara dəliyi və Qız bürcündə M87 qalaktikasındakı qara dəliyi müşahidə etmək məqsədilə yaradılıb. Bunun sayəsində astronomlar indiyədək M87* qara dəliyinin “kölgəsini” əldə ediblər.

EHT-nin sonrakı araşdırmasının məqsədi Sentavr A qalaktikasının mərkəzində yerləşən, Yerə ən yaxın və nəzərə çarpan ifrat massiv qara dəliklərdən birinin tədqiqi olub. Həmin obyektin kütləsi nisbətən kiçikdir: Günəşdən yalnız bir neçə on milyon dəfə ağırdır. Bu qara dəlik Süd Yolu və Sentavr A qalaktikası arasındakı kiçik məsafə sayəsində gecə səmasında ən parlaq radiodalğa mənbəyidir. Lakin alimlər əvvəllər onun tullantılarını dəqiq qeydə ala bilməyiblər, çünki bu qalaktika şimal yarımkürəsində ən böyük radioteleskoplar üçün üfüqün arxasında yerləşir.

Neymeqen Universitetinin professoru Hayno Falke və onun həmkarlar EHT-nin köməyilə bu problemi həll ediblər: onlar Sentavr A qalaktikasının mərkəzində qara dəliyin tullantılarının ilk dəfə olaraq dəqiq fotosunu çəkiblər. Həmin şəkillərdə uzunluğu təqribən 10-15 milyard kilometrə malik hissələr görmək olar. Bunun nəticəsində alimlər təsdiq ediblər ki, “orta” ifrat massiv qara dəliklərin və onların daha böyük analoqlarının, o cümlədən Qız bürcündə M87 qalaktikasındakı qara dəliyin tullantıları öz quruluşuna görə oxşardır.

Bu mülahizəyə əsaslanan astrofiziklər həmin qara dəliyin kölgəsinin necə olacağını hesablayıblar, habelə onu müşahidə etməyin optimal metodunu müəyyənləşdiriblər. Məlum olub ki, bu obyekti Yer atmosferindən kənarda işləyən və diametri təqribən 8 min kilometr olan virtual radio qurğusunda birləşdirilmiş teraherts teleskop dəstinin köməyilə görmək olar.

Alimlərin fikrincə, bütün bu göstəricilər və qara dəliyin güman edilən “kölgəsinin” forması onun tullantılarının aşağı hissəsində müşahidələrin nəticələrinə ideal şəkildə uyğundur. Bu, növbəti dəfə sübut edir ki, bütün növ qara dəliklərin quruluşu və davranışı eyni qanunu təsvir edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər