Baş Prokurorluq Milli Məclisə Eldəniz Səlimov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərini aşma maddəsi ilə təqdimat verib. Bu gün Milli Məclisin İntizam Komissiyasında deputatın iştirakı ilə təqdimata baxılıb. Eldəniz Səlimov iclasda səhvə yol verdiyini etiraf edib.
Teleqraf.com-a açıqlamasında Açıq Hökumət Platformasının koordinatoru, hüquqşünas Əliməmməd Nuriyev məsələni şərh edib.
O bildirib ki, Milli Məclisin plenar iclasında qərar qəbul edilərsə, deputatın barəsində cinayət işi başlana bilər:
"Müvafiq istintaq işləri aparılacaq. Əgər deputatın hərəkətində cinayət tərkibi təsdiqlənərsə, onu cəza gözləyir. Hələ ki, gözləyək. Düşünürəm ki, Milli Məclis onun toxunulmazlıq hüququnun aradan qaldırılması üçün qərar qəbul edəcək. Əlbəttə, 309-cu maddə ilə qaldırılan cinayət işi sübut olunarsa, Eldəniz Səlimov azadlıqdan məhrum edilə bilər. Eyni zamanda alternativ cəzaların da tətbiqi mümkündür".
Əliməmməd Nuriyev hesab edir ki, deputatın hərəkətində qanun pozuntusu açıq-aşkar görünür: "Onun özü də bunu etiraf edir. Polis əməkdaşına qarşı zorakılıq həyata keçirib. Prosesin gedişində sübutlar toplanacaq. O cür yüksək statusa malik şəxs tərəfindən belə hərəkətlərin edilməsi həm cəmiyyətdə ciddi surətdə narahatlıq doğurur, həm də qanun qəbul edən qurumun nümayəndəsinin belə hərəkətə yol verməsi acı təəssüf hissi yaradır.
Polis dövlət nümayəndəsidir. COVID-19 pandemiyası ilə mübarizədə karantin rejiminin icrasına nəzarət Daxili İşlər Orqanlarına tapşırılıb. Pasport qeydiyyat idarəsinin əməkdaşı da bu prosesdə cəlb olunur. Onlar çalışırlar ki, qaydalar pozulmasın, insanların səhhətinə zərər dəyməsin, həyatları təhlükə altında qalmasın. Belə olan halda dövlət nümayəndəsinə qarşı bunu etmək çox ciddi problemdir".