25 Noyabr 2021 00:55
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.

Qeyd edək ki, Kəlbəcər rayonunun işğalından azad olunması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Bəyanatda 10 noyabr 2020-ci ildən etibarən tam bir atəşkəs və Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir. Bu bəyanatın müddəalarına əsasən, Azərbaycan Ordusu bölgədə tam qalib elan edilir.

Bəyanata görə, Kəlbəcər rayonu 2020-ci il noyabrın 24-dək Azərbaycan Respublikasına təhvil verilir.

Prezident İlham Əliyev noyabrın 24-də xalqa müraciət edir:

Dövlət başçısı Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə həmvətənlərini, daha sonra bütün kəlbəcərliləri təbrik edib: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.

Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”.


Müəllif: Yeganə Oqtayqızı