22 Fevral 2022 12:25
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

II Dünya müharibəsindən sonra Türkiyəyə gələn azərbaycanlı mühacirlər əvvəlki nəsil mühacirlərlə birlikdə Ankara və İstanbulda müxtəlif təşkilatlar qurublar. Azərbaycan Yardımlaşma Dərnəyi, Azərbaycan Kültürünü Tanıtma Dərnəyi, Azərbaycan Milliyyətçilər Dərnəyi, Azəri Qardaşlar Dərnəyi, Azərbaycan Müdafiəyi-Hüquq Cəmiyyəti, Azərbaycan Kültür Dərnəyi, Azərbaycanı Tanıtma Dərnəyi və s. qurumlar ərsəyə gətiriblər. Bu yazıda sonuncu təşkilatdan bəhs edəcəyik.

15 mart 1965-ci ildə mərkəzi Ankarada olan Azərbaycanı Tanıtma Dərnəyi adlı mühacir təşkilat qurulub. Təşkilatın 15 qurucu üzvü bu şəxslərdi: Nüsrət Aran (müəllim), Tağı Aran (məmur), Lətif Elsevər (məmur), İsa Göçer (məmur), Güliz Gökgöl, Altay Hazar (tələbə), Nurəddin Hazar (məmur), Osman Karaaslan (məmur), Veyiz Kılıç (məmur), Sultan Kölanlı (məmur), Əflan Muğan (məmur), İbrahim Sofu (məmur), İslam Tahirbəyli (doktor), Əli Taşkent (məmur), Rəsul Ünsal (təqaüdçü məmur).

Dərnəyin nizamnaməsinə görə məqsədləri bunlardı:

- Azərbaycanın milli tarixi, mədəniyyəti, iqtisadiyyatını araşdırmaq və tanıtmaq;

- Azərbaycanlılar arasında fikir birliyini, milliyyətçilik prinsiplərini yaymaq, həmrəyliyi gücləndirmək;

- Azərbaycan gəncliyinin vətən, millət və azadlıq idealı əsasında yetişmələrinə yardım etmək;

- Milli günləri qeyd etmək və Türk böyüklərini və mücahidlərini tanıtmaq məqsədilə yığıncaqlar və konfranslar tərtib etmək;

- Birlik məqsədinə xidmət etmək, türklük əleyhindəki hər cür dağıdıcı, pozucu və separatçı cərəyanlara qarşı mücadilə etmək üçün nəşrlər buraxmaq;

- Azərbaycan mədəniyyətini yaymaq məqsədilə gecələr, müsamirələr, əyləncələr tərtib etmək;

- Məktəb yaşındakı gənclərin təhsillərinə kömək etmək;

- Ehtiyac və zərurət içində olan qaçqın vətəndaşlara imkanları daxilində yardım etmək.

Dərnəyə üzv olmaq üçün yazılı müraciət və iki üzvün referansı şərt qoyulub. Hər ilin may ayında dərnəyin qurultayının keçirilməsi nizamnamədə əksini tapıb. İdarə heyəti 5 nəfərdən ibarət idi, ayda bir dəfə toplantı keçirmələri gərəkliydi.

1966-cı il aprelin 9-da Azərbaycanı Tanıtma Dərnəyinin idarə heyətinin sədri Əli Taşkent Ankarada fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi və Azərbaycan Milliyyətçilər Dərnəyinə müraciət ünvanlayıb, 27 aprel kimi matəm günlərinin birlikdə qeyd olunmasının vacibliyini vurğulayıb.

“Ötüken” jurnalında Azərbaycan dərnəklərinin parçalanmış şəkildə fəaliyyət göstərdiyi, birləşmələrinin vacibliyi haqqında məqalə yazan Türk millətçilərinin liderlərindən Nejdet Sançarın məqaləsinə cavab olaraq Əli Taşkent “Bir çağırışa cavab” adlı yazı qələmə alıb, birliyə önəm verdiyini bildirib, İstanbulda iki, Ankarada bir dərnəklə ortaq hərəkət etdiyini yazıb.

Bu çağırışlar Ankarada fəaliyyət göstərən Azərbaycan təşkilatlarının önəmli günlərdə birgə fəaliyyət göstərmələrini şərtləndirib. 1969-cu ilin 27 aprel və 28 may tarixlərini Ankaradakı üç dərnək birlikdə qeyd edib. Şəxsi arxivimizdəki bir dəvətnamədən aydın olur ki, 26 aprel 1970-ci ildə Azərbaycan Cümhuriyyətinin işğalının 50-ci ildönümü münasibətilə Azərbaycanı Tanıtma Dərnəyi, Azərbaycan Milliyyətçilər Dərnəyi və Azərbaycan Kültür Dərnəyi Türk Ocağının teatr salonunda birgə anım mərasimi keçiriblər.

Azərbaycanı Tanıtma Dərnəyi 1966-cı ildə Birinci Azərbaycan Balosu adlı tədbir keçirib. Baloda Azərbaycan və Şimali Qafqaz milli oyunları, caz musiqisi, müxtəlif rəqslər təqdim edilib.

Tədbirlə bağlı çap olunan broşurada Azərbaycan və Türkiyə şairlərinin 11 şeiri dərc olunub. İlk şeir olaraq Azərbaycan himninin mətni müəllifsiz olaraq verilib. Azərbaycanlı şairlərdən Sənanın (Məhəmmədsadıq Aran), Əhməd Cavadın, Hüseyn Cavidin, Gültəkinin, Almas İldırımın, Əli Taşkentin, Abay Mirzənin, Həmid Dönməzin, Kərim Yaycılının şeirləri proqram broşurasında yer alıb.

Dərnək 1968-ci ildə İkinci Böyük Azərbaycan Gecəsi təşkil edib. Tədbirdə “Mustafa Kamal paşa” türküsü oxunub, “Şeyx Şamil”, “Tiflisi”, “Kılıç”, “Tərəkəmə” və s. rəqslər oynanılıb. Gecə ilə bağlı çap olunan broşurada əvvəlki şairlərlə yanaşı Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasından da bir hissə təqdim edilib.

Dərnək 1970-ci ildə Ankarada Üçüncü Böyük Azərbaycan Gecəsi təşkil edib. Gecə ilə bağlı broşurada şeirlər və mahnı sözləri də dərc olunub.

Dərnəyin üzvləri

Ankarada fəaliyyət göstərən Azərbaycanın Tanıtma Dərnəyinin qurucu üzvlərinin bəzilərinin həyat hekayələrini təqdim edirik:

Əflan Muğan – Əflan Zeynəl Muğan 1918-ci ilin 16 oktyabrında Muğan bölgəsinin Aktaçımuğan kəndində Məşədi bəy və Səyyarə xanımın ailəsində doğulub. 1939-1940-cı illərdə Şamaxıda fizika-riyaziyyat müəllimi olaraq çalışıb. 1941-ci ildə Tiflisdə altı aylıq zabit məktəbində oxuyub, sonra Krım cəbhəsinə göndərilib. 1942-ci ilin 1 iyulunda almanlara əsir düşüb. Əsir düşərgələrində qaldıqdan sonra almanlara xidmət etməyi qəbul edib, Türküstan legionunda ruslara qarşı mübarizəyə başlayıb. 1943-cü ildə Qafqaz taborunda azərbaycanlılardan ibarət bölüyü komandanı olub. Ə.Muğan 1944-cü ilin 29 dekabrında Berlində Fətəlibəyli ilə görüşüb, sonadək ona sadiq olub. Almanların məğlubiyyətinin başlamasından sonra Ə.Muğan əvvəlcə İtaliyaya, sonra İsveçrəyə sığınıb. 1945-ci ilin 20 aprelində İsveçrə sərhədini keçərək bu ölkəyə gəliblər. SSRİ-nin bütün təzyiqlərinə tab gətirən İsveçrə Ə.Muğanın rəhbərlik etdiyi və bu ölkədə düşərgələrdə qalan 449 nəfəri qorumuşdur. Nəhayət, 3 il sonra 283 nəfərlik qafilənin rəhbəri olaraq dəniz yolu ilə 1948-ci ilin 9 iyununda İstanbula gəlib, jurnalistlərə Əflan Zeynəl adı ilə başlarından keçənlər haqqında məlumat verib. Həmin ilin 19 noyabrında Türkiyə vətəndaşı olub.

Tağı Aran – Tağı bəy 1905-ci ildə Zəngəzurun Gorus şəhərində Fətullah əfəndi ilə Bilqeyis xanımın ailəsində dünyaya gəlib. İlk və orta təhsilini burada alıb. Zəngəzurun bir hissəsinin Ermənistana verilməsindən sonra əqrəbası Məhəmmədsadıq Aranla birgə Türkiyəyə mühacirətə gedib. Ali təhsilini Türkiyədə alan Tağı bəy Nüsrət xanımla evlənib, İlhan adlı oğlu, Ceyhan adlı qızı olub. Türkiyədə müxtəlif nazirliklərdə işləyən Tağı bəy ən son Türkiyə Xarici İşlər Nazirliyinin Ümumi Mühasibat Müdirliyində çalışıb, buradan təqaüdə çıxıb. Tağı bəy 9 dekabr 1992-ci ildə Ankarada vəfat edib, Cəbəci Əsri məzarlığında dəfn olunub.

İbrahim Sofu – İ.Sofu 1914-cü ildə Şəki şəhərində doğulub. Bakıda təhsil alıb, bir müddət burada çalışıb. Ardınca hərbi xidmətə göndərilib. İkinci Dünya müharibəsində almanlara əsir düşüb, Azərbaycan legionuna qatılıb. Müharibədən sonra Türkiyəyə gəlib, Ziraət Bankı İnşaat Müdirliyində mühəndis olaraq vəfatına qədər çalışıb. Qənimə xanımla evlənən İbrahim bəyin Cəvahir adlı qızı, İsmət adlı oğlu olub. O, Azərbaycan Milli Qurtuluş Birliyinin də üzvü olub. İbrahim bəy 22 avqust 1967-ci ildə infarkt nəticəsində vəfat edib, Ankarada Cəbəci Əsri məzarlığında dəfn olunub.

Lətif Elsevər – Naxçıvanda doğulub. Müharibəyə qədər orta məktəbdə ədəbiyyat müəllimi olub. İkinci Dünya müharibəsində almanlara əsir düşüb. Müharibədən sonra Türkiyəyə gəlib. “Mücahit”, “Ötüken” jurnallarında Azərbaycan ədəbiyyatı ilə bağlı məqalələr qələmə alıb.

Əli Taşkent – Azərbaycan Milliyətçilər Dərnəyinin də qurucusu olan Əli bəy Türkiyədə Ziraət fakultəsində təhsil alıb. “Azərbaycan” jurnalında bir neçə şeiri dərc edilib. Daha sonra Azərbaycan Kültür Dərnəyində də təmsil olunub.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər