Yeni Azərbaycan Partiyası (YAP) Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar siyasi partiyalara və beynəlxalq təşkilatlara müraciət edib.
Partiyadan Teleqraf.com-a verilən məlumata görə, müraciətdə deyilir:
“30 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində soyqırımı aktı törədildi. Şəhər yerlə yeksan edildi, 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi isə indiyə kimi naməlumdur. Xəsarət alanlardan 487 nəfəri şikəst olub, onlardan 76 nəfəri azyaşlıdır.
Sonrakı günlərdə hadisə yerinə səfər edən xarici ölkələrin çoxsaylı mətbuat nümayəndələri də bu dəhşətli mənzərənin şahidi oldular. Onların müxtəlif kütləvi informasiya vasitələrində yaydıqları məlumatlarda diqqətə çatdırıldığı kimi, yüzlərlə insan öldürülmüş, mülki şəxslərin, o cümlədən qadın və uşaqların cəsədləri təhqir edilmişdi.
Xocalı soyqırımı Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1988-1993-cü illərdə Azərbaycan torpaqlarının 20 faizinin işğalı və 700 min nəfər azərbaycanlının öz yurdundan didəgin salınması ilə nəticələnən işğalçılıq siyasətinin həyata keçirilməsi zamanı dinc əhaliyə qarşı törətdiyi ən dəhşətli cinayətdir. Həmin illərdə ermənilərin işğal edərək yer üzündən sildikləri Bağanıs Ayrım, Qaradağlı, Ağdaban, Başlıbel və onlarla digər yaşayış məntəqələrində əksəriyyətini uşaqlar, qadınlar və qocalar təşkil edən yüzlərlə dinc əhalini xüsusi amansızlıqla qətlə yetirməsi vandalizmin, insanlıq əleyhinə cinayətlərin bariz sübutudur.
2020-ci ildə Ermənistanın yeni torpaqlar ələ keçirmək məqsədi ilə növbəti hücum cəhdlərinin qarşısını almaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları - Vətən müharibəsi zamanı da ermənilər beynəlxalq hüququn tələblərini kobudcasına pozaraq Gəncə, Tərtər, Bərdə və digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə aldılar. Nəticədə 98 mülki şəxs həyatını itirdi, 414 nəfər yaralandı, 3000-dən çox ev və 100 yaşayış binası dağıdıldı.
44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları azad edildi, 30 illik işğala son qoyuldu. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də beynəlxalq təşkilatların uzun illər kağız üzərində qalmış qərar və qətnamələrinin icrasını təmin etdi, Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı. Hazırda işğaldan azad olunan ərazilərdə geniş bərpa-quruculuq işləri həyata keçirilir. Yaxın illərdə bu ərazilərin sakinlərinin öz yurdlarına qayıdışı və layiqli-dayanıqlı məskunlaşması təmin ediləcəkdir.
Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması, qanlı cinayət aktına adekvat qiymət verilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən sistemli iş aparılır. Eyni zamanda, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu məqsədyönlü tədbirlər həyata keçirir. Xüsusilə də, Fondun Vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" kampaniyasının uğurla davam etdirilməsi, bir çox ölkədə tədbirlərin təşkili və digər işlər real nəticələrin əldə olunmasını şərtləndirir. Bunun nəticəsidir ki, bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatı bu cinayəti qətliam kimi tanıyıb.
Azərbaycan həmişə sülh, əməkdaşlıq tərəfdarı olub, bunu öz mövqeyi və fəaliyyəti ilə dəfələrlə sübut edib. Lakin heç bir cinayət cəzasız qalmamalıdır. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan bir vandalizm aktıdır. Təəssüflər olsun ki, 30 il keçməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bu qanlı faciəyə lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib.
Xocalı soyqırımı, təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilmiş tarixi bir cinayətdir. Buna görə də bu qanlı cinayətin təşkilatçıları və icraçıları – Ermənistanın keçmiş siyasi və hərbi rəhbərliyi beynəlxalq hüquq qarşısında cavab verməli və öz layiqli cəzalarını almalıdırlar. Cəzasızlıq mühitinin nəticəsidir ki, həmin şəxslər və onların təsiri altında olan revanşist çevrələr bu gün də iki ölkə arasında və regionda sülhün bərqərar olması istiqamətində görülən işlərə, o cümlədən beynəlxalq ictimaiyyətin təşəbbüslərinə mane olmağa çalışırlar.
Biz beynəlxalq təşkilatları, siyasi partiyaları və dünya ictimaiyyətini insanlıq əleyhinə törədilmiş Xocalı soyqırımına biganə qalmamağa, belə cinayətlərin bir daha yer üzündə təkrarlanmaması üçün Xocalıya ədalətin təmin edilməsi yönündə Azərbaycanın təşəbbüslərini dəstəkləməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırırıq”.
Qeyd edək ki, müraciət Yeni Azərbaycan Partiyasının təşkil etdiyi Xocalı faciəsinin 30-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir” mövzusunda videokonfransda qəbul edilib.