Martın 17-si ADA Universiteti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Teleqraf.com-un məlumatına görə, sənədin imzalanmasında məqsəd ADA Universiteti və MEDİA Agentliyi arasında müştərək layihələrin reallaşdırılması istiqamətində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi-praktiki tədbirlərin həyata keçirilməsi, tələbələrin təcrübi biliklərinin artırılması, habelə media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkil edilməsidir.
Sənədi Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə imzalayıblar.
Memoranduma əsasən, tədris ili ərzində istehsalat təcrübəsinin və yay təcrübə proqramlarının keçirilməsi, bununla yanaşı təhsil sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi nəzərdə tutulub.