"Güc tətbiq etmədən ermənilərlə dialoqun perspektivi yoxdur"
Ermənilərin sosial şəbəkədəki paylaşımlarına bədbinlik, çarəsizlik, kədər, sabahkı təhlükəyə hazırlıqsız yaxalanmaq qorxusu hakim kəsilib. Azərbaycan əsgərlərini alçaqcasına şəhid etməyin sevincini yaşamaqla yanaşı daha böyük sayda itki verəcəklərinin, törətdikləri namərdliyin, təxribatın qisasının ağır olacağının qorxusu içindədirlər.
N. Paşinyan bu gün Ordumuzun yeni mövqelər əldə etdiyini və sonuncu təxribatın bədəlini 100-dən çox erməninin gəbərməsi ilə ödədiklərini etiraf etməli oldu. Bu, Azərbaycan dövlətinin sərhəddin delimitasiyasını Ermənistanın bütün cığallıqlarına əhəmiyyət vermədən praktiki olaraq həyata keçirməyə davam etdiyini göstərir.
Doğrudur, çox sayda düşmən postlarını ələ keçirmişik, onlarla atəş nöqtəsini məhv etmişik, mövqelərimizi daha da irəli çəkmişik, 200-ə qədər düşmən əsgər və zabitini məhv etmişik, xeyli sayda düşmən əsgərini əsir götürmüşük, yüz milyonlarla dollar miqdarında düşmən hərbi texnikasını və hərbi infrastrukturunu məhv etmişik. Amma bütün bunlara rəğmən bir gündə böyük sayda Şəhid verməyimiz bizi yasa boğub...
Azərbaycanda bu gün demək olar ki, hamı şəhidlərə görə böyük kədər içindədir. Bu, təbiidir. Çünki Vətən uğrunda gənc yaşında canından keçən hər soydaşımıza görə içimiz göynəməsə, sönən hər ocağın ağrısını içimizdə hiss etməsək demək ki, insanlığımızı, azərbaycanlılığımızı itirmişik.
Bu günlərdə "nəyin uğrunda şəhidlər veririk", "niyə şəhid verməyimiz bitmir" sualları yenidən çox eşidilməkdədir. Nə qədər ağrılı da olsa birmənalı olaraq emosiadan kənar qəbul etməliyik ki, şəxsi və dövlət təhlükəsizliyimizi təmin etməyin yolu hər birimizin canımızdan keçməyə, yaşamaq hüququmuzdan ən ümdə milli identikliyimiz uğrunda imtina etməyə hazır olmağımızdan keçir. Beynəlxalq münasibətlərin, dünya dövlətlərinin, o cümlədən də Azərbaycanın özünün tarixi göstərir ki, daim var olmaq, ərazi bütövlüyünü, suverenliyini, dövlətçiliyini qorumaq üçün hərbi sahə də daxil olmaqla bütün istiqamətlər üzrə güclü olmaq olmazsa olmazdır.
Ermənistanı sülhə məcbur etmək, yəni onların dövlətimizin ərazi bütövlüyümüzü tanıması üçün hərbi toqquşmalara getməyə məcburuq. Təcrübə göstərir ki, güc tətbiq etmədən ermənilərlə dialoqun perspektivi yoxdur! 30 ilə yaxın müddətdə davam edən nəticəsiz sülh danışığı buna bariz sübutdur. Buna görə də coğrafiyamızdan irəli gələn acı siyasi tale ilə barışıb davamlı olaraq Ermənistanı əzməli və nəzarət etdiyimiz ərazilərin hüdudlarını genişləndirməli və mərhələli qaydada itirdiyimiz torpaqlara qayıtmalıyıq. Elə dövlətimiz də çox doğru olaraq bunu edir!
Elməddin Behbud,
Jurnalist, "Demokratik Azərbaycan Naminə" gənclərin İctimai Birliyinin (DANİB) sədri