“II Qarabağ müharibəsinin nəticəsi göstərdi ki, Azərbaycan Ordusu və Prezident İlham Əliyev müharibəyə öncədən hazırlaşıb və müharibəyə qədər prinsipial əhəmiyyəti olan işləri zərgər dəqiqliyi ilə nəzərə alıb. Yəni müharibənin nəticəsi bu suala cavab verib. Əlbəttə, bütün müharibələrdə öncədən plan hazırlansa da, gedişatda bəzi fərqlər və dəyişikliklər olur. Proses nəzərdə tutulduğu yöndə getdi və ümumi nəticə şəksiz Qələbə oldu”.
Bunu Teleqraf.com-a hərbi ekspert Azad İsazadə deyib.
O bildirib ki, müharibə təkcə döyüşlə deyil, həm də diplomatik yolla həll edilir:
“Məsələn, Ağdam, Laçın və Kəlbəcəri döyüşsüz əldə etdik. Bu, artıq diplomatiya məsələsi idi. Əlbəttə, həmin rayonları da döyüşlə azad edəcəkdik, amma itkilərimiz çox olacaqdı”.
Mütəxəssis qeyd edib ki, müharibənin gedişatında Prezidentin qətiyyətli olması əsas məqamdır: “Müharibə ancaq döyüş meydanında həll edilmir. Prezident Əliyevin diplomatik işi nəticəsində Rusiya müharibədə faktiki neytrallaşdırıldı. Bəli, əlaltdan silah göndərirdi. Amma müharibəyə açıq qoşulmadı.
Qərb deyinə-deyinə hansısa bəyanatlar qəbul edirdi, amm real reaksiya verə bilmədi.
Həm də müharibənin başlanması üçün çox yaxşı vaxt seçildi. ABŞ-ın başı prezident seçkilərinə qarışmışdı, Avropa pandemiya ilə mübarizə aparırdı. Yalnız Fransa fəallıq eləməyə çalışdı, BMT-də qətnamə çıxarmaq istədi, amma bunun da qarşısı alındı.
Eyni zamanda İran da müəyyən açıqlamalar verdi, hətta hədə-qorxu gəlməyə çalışdı, lakin nəticəsi olmadı. Və müharibədə nəticənin həll edildiyini görən kimi, nisbətən yumşaldı. Beləcə hərbi səhnədə baş verənlərlə diplomatik sahədə görülən işlər üst-üstə düşdü”.
İsazadə əlavə edib ki, müharibədə iqtisadiyyat mühümdür və bu, şah damar sayılır: “Müharibədə heç bir çətinlik, nöqsan yaşanmadı. İqtisadi böhran da baş vermədi. Deməli, iqtisadi, hərbi və diplomatik baxımdan müharibəyə hazırlıq aparılmışdı”.
Ekspert onu da xatırladıb ki, Azərbaycan cəmiyyəti də müharibəyə hazır olub: “Ermənilərdən fərqli olaraq bizdə fərarilik, səfərbərlikdən qaçan olmadı. Hamı müharibəni dəstəklədi, Prezidenti müdafiə etdi. Eləcə də insanlar ordumuzu dəstəklədi, ona yardımlar etdi. Yəni Azərbaycan bu müharibədə bircə - birlik şəklində hərəkət etdi”.
Mütəxəssis sonda onu da deyib ki, Azərbaycanın Kosmosda olan peykləri də müharibədə hansısa rol oynayıb, amma onun özü bu haqda geniş danışa bilməz: “Bildiyim qədər müharibənin gedişatında peyk görüntüləri də ortaya çıxmışdı. Qısacası, məlumat da bol idi”.