“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanununa dəyişikliyi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, dəyişikliklər Ombudsman Aparatındakı Milli preventiv qrupun hüquqlarının genişləndirilməsini nəzərdə tutur.
Dəyişikliklərə əsasən Milli preventiv qrup aşağıdakı hüquqlara malik olacaq:
- İstənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq;
- Polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirəsalınmadan qəbul edilmək;
- Milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək;
- Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.
- Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin, habelə elektron yazışmalarının üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.