Həştərxanda Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə başlanıb.
Teleqraf.com AzərTAc-a istinadən xəbər verir ki, Həştərxan vilayətinin Beynəlxalq və Xarici İqtisadi Əlaqələr Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Həştərxan meriyasında Heydər Əliyev Fondunun dəstəyi ilə yeni uşaq bağçasının tikintisinə həsr olunmuş geniş müşavirələr keçirilmişdir.
Müşavirələrdə uşaq bağçasının tikintisinin başlanması ilə bağlı olan təşkilati məsələlər müzakirə olunmuş, bütün zəruri sənədlər təsdiq edilmişdir. Hazırda inşaat yerində binanın özülünə svayların vurulması işləri tam sürətlə gedir.
Layihəyə əsasən, 240 yerlik nəzərdə tutulan uşaq bağçasının 120 yerlik birinci növbəsini 2014-cü ilin sentyabrında IV Xəzər Zirvə Görüşünün açılışına qədər başa çatdırmaq planlaşdırılır. Bundan əlavə, Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü münasibətilə bayram tədbirlərinin keçirilməsi məsələsi müzakirə edilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərliyi ilə rəsmi Azərbaycan nümayəndə heyəti həmin tədbirlərdə iştirak etmək üçün 2014-cü il mayın 11-12-də Həştərxana gələcəkdir.
Müşavirələrdə Həştərxan meri vəzifəsini icra edən İrina Yeqorova, merin müavini Rəsul Sultanov, Bakının Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin regional bölməsinin sədri Ədalət hüseynov və Həştərxan administrasiyasının struktur rəhbərləri iştirak etmişlər.