"İmtahanlarda qaydaların pozulması və buna cəhdlər hər zaman olur. DİM üçün vacibdir ki, hər bir abituriyentə imtahan zalında normal şərait yaradılsın. Bunun üçün imtahan binasına keçən bütün abituriyentlər yoxlanılır. Bu, həm də təhlükəsizlik üçündür".
Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.
Abbaszadə qeyd edib ki, yaxın keçmişdə imtahan zalına silah, qumbara keçirmək istəyən şəxslər də olub:
"Biz bu kriminal xronikanı heç vaxt şişirtməmişik, ictimaiyyətə təqdim etməmişik. Bu nüansları müvafiq qurumlara tədbir görülməsi üçün demişik".