2023-2025-ci illər üçün Baş Kollektiv Sazişi təsdiq edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 87 №-li Qərarına dair izahda deyilir:
Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2023-2025-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş bağlayırlar.
Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.
Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə (tarif) sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.
Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.