17 Yanvar 2015 15:59
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musa Quliyev: “Ölkədə ailələrə göstərilən yardımın həcmi böyükdür, amma ayrıca proqram da qəbul eləmək mümkündür”

Bu yaxınlarda Türkiyə hökuməti yeni ailəyə dəstək paketinin təqdimatını keçirdi. Baş nazir Əhməd Davudoğlu bildirdi ki, Türkiyə hökuməti ailənin qorunması istiqamətində mühüm işlər görməkdə qərarlıdır.

O, bunun üçün ailələrə sosial, maddi və mənəvi dəstək göstəriləcəyini vurğuladı: “2000 nəfərdən ibarət bir heyətlə layihəyə başlayırıq. Paketə daxil olan məsələlərə ailənin, əhali dinamizminin qorunması və qadınların əmək şəraitinin mühafizəsi daxildir. Əsasən, bu üç komponent altında bütün ailələrə dəstək veriləcək.

Əvvəlcə risk qrupuna daxil olan ailələrin təsnifatı aparılacaq və 500 ailəyə bir ekspert olmaqla sosial dəstəyə cəlb ediləcək. Türkiyə demoqrafik yaşlanma dövrü yaşadığından bu dönəmdə ailənin və əhali dinamikasının qorunması zərurətini gündəmə gətirir".

Dövlətin dəstəyinə gəlincə, analar analıq məzuniyyəti bitdikdən sonra ilk uşaq üçün iki ay, ikinci uşaq üçün 4 ay olmaqla qısa iş günü icazəsi ilə çalışacaq, amma tam əmək haqqı alacaq. Eyni hüquqlar ataya da şamil olunacaq.

Bundan əlavə, ailə paketində uşağı qüsurlu olan ailələrə də övladları ilə vaxt keçirmələri üçün icazə haqqı verilir. Proqramda yeni doğulan uşaqlar da diqqət mərkəzindədir. İlk uşağa görə 300 türk lirəsi, ikinci uşaq üçün 400, üçüncüyə görə isə 600 lirə olmaqla yardım ediləcək.

Ailə paketinə cehiz proqramı da daxil edilib ki, dövlət yeni evlənən cütlükləri nəzərə alaraq 18 yaşdan sonra gənclər üçün təsərrüfat hesabı açacaq və ora yatırılan vəsaitin yüzdə 15-i civarında da dövlət əlavə edəcək.

Layihədə qadınlara və uşaqlara zorakılığa qarşı məqamlar da əksini tapıb.
Dövlətin ailəyə, uşağa və ümumilikdə sosial müdafiəyə münasibəti Azərbaycanda da müzakirə mövzusudur. Hazırda ölkədə sosial qayğıya ehtiyac duyan ailələrin mövcudluğunu nəzərə alsaq, analoji paketin bizdə də reallaşacağına ümid etmək olar.

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, Türkiyə “Məişət zorakılığının qarşısının alınması üzrə” beynəlxalq konvensiyaya qoşulduqdan sonra qanunvericilikdə köklü dəyişikliklərə başladı. Hazırda reallaşdırılmasına start verilən reabilitasiya proqramları, xidmət paketləri də konvensiyadan irəli gələrək atılan addımlardandır: “İstənilən dövlət ailələrin müqəddəratı, sosial müdafiənin təminatı ilə bağlı vaxtaşırı qərarlar qəbul edir. Türkiyə bu məsələdə bir qədər geciksə də, bir neçə gün öncə təqdimatı olan proqramı mükəmməl sənəd saymaq olar. Çünki burada maddi məsələlərlə yanaşı, mənəvi məqamlar da əksini tapıb. Yəni gənc ailələr üçün təlimlərin keçirilməsi, sosial problemlərin həllinə psixoloji yanaşmalar təqdir olunur”.

Ekspertə görə, sosial problemlərin həlli ilə bağlı Azərbaycanda da kifayət qədər sənədlər qəbul olunur, gənc ailələrin sosial problemlərinin aradan qaldırılması üçün yollar axtarılır, real addımlar atılır: “Etiraf etməliyik ki, sosial müdafiə sahəsində son illər müsbətə doğru dəyişiklik var. Ukraynada bir neçə il əvvəl əhalinin sosial müdafiəsi ilə bağlı xeyli işlər görüldü və real nəticələr əldə olundu. Ümid edirəm ki, Azərbaycanda da paket xidməti tətbiq olunacaq və bizim cəmiyyətin tələblərinə uyğun reallaşdırılacaq”.

Üç ildir ailə həyatı quran və kirayədə yaşayan paytaxt sakini Rasim Əhmədov gənc ailələrin sosial müdafiəsini dəstəkləyən layihələrə ehtiyac olduğunu deyir: “Mənzil sahibi olmaq istəyən bir çox ailələr gözünü dikmişdi neçə illər müzakirəsi gedən ipotekaya. Amma nəticə gözlənilən qədər böyük olmadı. Şərtlər bir qədər çətin və mürəkkəb olduğundan, bəzi ailələr ipotekadan yararlana bilmədi.

Götürək ünvanlı sosial yardımı. Onun verilməsində də çətinlik və uyğunsuzluq var. Yeni doğulan uşaq üçün nəzərdə tutulan birdəfəlik müavinətlər isə nə gənc ailənin, nə də körpənin sosial müdafiəsində elə bir əhəmiyyət daşımır. Ona görə də Türkiyədə olduğu kimi Azərbaycanda ailə paketi deyilən bir sənədə ehtiyac var".

Millət vəkili Musa Quliyev isə hesab edir ki, ölkədə gənc ailələrin, eləcə də əhalinin bütün qruplarını nəzərdə tutan kifayət qədər sosial proqramlar mövcuddur: “Həmin proqramlar demoqrafik prosesləri tənzimləməyə xidmət edir. Məsələn, sonuncu belə qərarlardan biri beşdən artıq uşağı olan ailələr üçün müvafiq dəstək proqramıdır ki, bu da əhalinin demoqrafik inkişafına xidmət edir. Amma düşünürəm ki, yeni doğulan uşaqların, təzə qurulan ailələrin sosial müdafiəsini gücləndirən layihələrin qəbulu pis olmaz. Düzdür, bunun reallaşdırılması neftin qiymətindən asılı olaraq bu il gerçək görünmür, ancaq növbəti illərdə belə qərarlar qəbul oluna bilər. Türkiyə təcrübəsini olduğu kimi ”kopyalamaq" təbii ki, düzgün çıxmaz. Amma analoji sənədləri öz büdcəmizə və cəmiyyətimizə uyğunlaşdırmaq mümkündür".

Millət vəkili indiyədək Azərbaycanda sosial müdafiənin gücləndirilməsi məqsədilə görülmüş çoxsaylı işlərdən də danışdı: “Uşaq dünyaya gələndə verilən birdəfəlik müavinət, aztəminatlı ailələrə ünvanlı sosial yardım, beşdən çox uşağı olan ailələrə ayrılan müavinətlər, uşağın bir yaş yarımlığına qədər analara ödənən müavinətlər və sair ailənin sosial müdafiəsinə yönəlib. Bunları cəmləsək, kompleks dəstək proqramı olduğunu görərik. Sadəcə, bizdə bu, paket halında təqdim edilmədiyindən gözə görünmür”.

Musa Quliyev bu sahəyə qeyri-hökumət təşkilatı nümayəndələrini də cəlb etməklə, məsələnin mənəvi-psixoloji tərəfini dəstəkləməyin mümkünlüyünü bildirdi.

Naibə


Müəllif:

Oxşar xəbərlər