Bakıda bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərlik cərimələnib.
Qida Təhlikəsizliyi Agentliyindən (AQTA) Teleqraf.com-a verilən məlumata görə, Bakı şəhəri Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 50 ünvanında yerləşən, hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları planlı yoxlama aparıb.
Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin süd və süd məhsullarının satışı sahələrində müvafiq təmizlik işlərinin görülmədiyi, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və təlimlərə cəlb edilmədiyi, temperatur rejiminə əməl olunmadığı, məhsulların çirklənmədən və xarabolmadan mühafizə ediləcək şəraitdə saxlanılmadığı və üzərində etiket məlumatlarının mövcud olmadığı aşkarlanıb.
Faktla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Agentlik əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.