Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər Perinatal Mərkəzində mülki müdafiə məşqi keçirib.
Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
"Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Perinatal Mərkəzi ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. Məşqdə ümumilikdə 6 texnika və 72 nəfərdən ibarət şəxsi heyət iştirak edib", - məlumatda qeyd olunub.