11 İyun 2015 12:44
1 413
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlqar Abdullayev: “Sistemə adınız düşməsə, nömrə aktiv olmayacaq”

Nazirlər Kabinetinin 200 nömrəli qərarına əsasən, "Rabitə müəssisələri (operatorlar) tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı tələb olunan şərtlərin təsdiq edilməsi haqqında” 2005-ci il 7 iyul tarixli 131 nömrəli qərara dəyişikliklər edilib. Yeni qərarla telefon nömrələrinin (sim kartların) satış qaydalarında mühüm dəyişiklik edilir. Yeni qərara uyğun olaraq nömrə satışı zamanı yol verilən bir çox pərakəndə proseslərin sistemləşdirilməsi, eyni zamanda, mövcud qüsurların aradan qaldırılması üzrə tədbirlər görüləcək və yaradılacaq texniki qaydalara uyğun abunəçi informasiya bazası əsasında sosial əhəmiyyətli elektron xidmətlər hazırlanacaq.

Xidmətlərin təqdim metodları üzrə çeşidləri artırır

“Elektron Hökumət” portalının operatoru - Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev bildirib ki, “Elektron Hökumət” portalı hazırda elə bir inkişaf mərhələsindədir ki, biz vətəndaşlar üçün daha əməli xidmətlərin təşkili üzərində işləyirik: “Əsas üstünlük ondan ibarətdir ki, abunəçi barədə məlumatlar subyekt barədə ilkin mənbədən formalaşdırılmaqla dəqiq şəkildə mərkəzi bazaya daxil edildikdən sonra nömrə aktivləşdiriləcək və bununla da sahibi bəlli olmayan nömrələrdən danışıqların aparılması və ya başqa mobil xidmətlərdən istifadə edilməsi mümkün olmayacaq. Qeyd edək ki, sənədləşmə prosesi xeyli vaxt aparırdı və abunəçilər sənədləşmə olmadan günlərlə mobil rabitə xidmətlərindən istifadə edirdilər. Bundan sonra mobil nömrələrdən sui-istifadə edərək qeydi-qanuni addımlar atılmasının da qarşısı alınacaq. Bunun isə bir çox məsələlərə, o cümlədən hüquq-mühafizə orqanlarının işinə müsbət təsiri olacaq. İkincisi, hər 3 mobil operatorun abunəçi bazaları mütəmadi olaraq tərəfimizdən İAMAS-la üzləşdirilir və çox sayda abunəçilərin soyad və adlarında, ünvanlarda və s. uyğunsuzluqlar var ki, bu da İnformasiya Sistemlərinin FİN-ə uyğunlaşdırılmasında, qurumlararası məlumat mübadiləsinin təşkilində, şəxsi kabinetlərin yaradılmasında, bəzi e-xidmətlərin təşkilində və s. bir sıra problemlər yaradır. Sənədləşmə bu qərara uyğun olaraq portal üzərindən verilən xüsusi servis vasitəsilə aparıldıqdan sonra belə səhvlərin qarşısı birmənalı şəkildə alınacaq və qeyd edilən məsələlərin həlli mümkün olacaq. Vaxtı keçmiş, itirilmiş, oğurlanmış, saxta sənədlərlə telefon nömrələrinin satışı qeyri mümkün olacaqdır. Üçüncüsü, bir abunəçi başqa abunəçinin adına sim kart ala bilməyəcək və yalnız öz adına olan nömrədən istifadə edə biləcək . Bununla da portal tərəfindən vətəndaşlara müxtəlif bildirişlərin (kommunal borclar, rabitə borcları, cərimələr, məhkəmə və s.) göndərilməsi mümkün olacaq.

Bir şeyi də qeyd etmək lazımdır ki, telefon nömrələrinin, sim kartların satışı ilə bağlı qaydalar təkcə mobil operatorlara yox, həm də dilerlərə və mağazalara aid edilib və onlar da satış prosesinə daha ciddi yanaşmalı olacaqlar”.

Qeyd edək ki, mobil operatorların abunəçi bazalarında olan səhvlər və FİN-ə uyğunlaşma olmaması bir çox e-xidmətlərin hazırlanmasına maneçilik yaradırdı və bu qərarın "Elektron Hökumət" quruculuğuna birbaşa müsbət təsirləri olacaq. Belə ki,
* Mobil operatorlar üzrə abunəçi bazaları FİN-ə uyğunlaşdıqdan sonra "Elektron Hökumət" portalı üzərindən təqdim edilən sosial xidmətlərin çeşidinin və keyfiyyətinin artmasına gətirib çıxaracaq;
* "Elektron Hökumət" portalı üzərindən qanunvericiliyə uyğun olaraq qurumlararası informasiya mübadiləsinin aparılması mümkün olacaq;
* "Elektron Hökumət" portalı üzərindən vətəndaşlara istənilən dövlət qurumlarının bildirişlərini (məhkəmə, şəxsiyyət vəsiqəsinin müddətinin bitməsi, banklar, kommunal borclar, rabitə borcları, cərimələr və s.) göndərmək mümkün olacaq;
* "Elektron Hökumət" portalı üzərindən formalaşan “Şəxsi kabinetlər”də abunəçinin mobil nömrələri barədə məlumatlar əks olunacaq;
* Vətəndaşlarla əks əlaqə yaratmaq mümkün olacaq;
* “Elektron Hökumət” portalında onlayn qeydiyyat zamanı mobil nömrənin istifadəçinin öz adına olmaması və ya qrammatik səhvlər səbəbindən yaran problem aradan qalxacaq;
* Hüquq-mühafizə orqanlarına təqdim edilən məlumatlar daha dolğun və dəqiq olacaq
və s.

Vətəndaşın şəxsiyyət vəsiqəsindəki məlumatlar dəqiqləşmədən...


“Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz sözlərinə görə, yeni dəyişiklik müsbət haldır: “ Yeni qaydalara əsasən nömrə alan şəxslə bağlı xeyli məlumatlar tələb olunacaq. Bir şəxsin nömrəsinin digər bir tərəfə verilməsinin qadağan olunması müqavilədə qeyd olunacaq. Telefon nömrələrinin, sim kartların satışı ilə bağlı qaydalar təkcə mobil operatorlara yox, həm də dilerlərə və adi mağazalara aid edilib. Məlumatların dəqiqliyi yoxlanılacaq. Yəni, artıq vətəndaşın şəxsiyyət vəsiqəsindəki məlumatlar dəqiqləşmədən sim kartlar satılmayacaq. Mobil operatorlarda olan mövcud abunəçilərin bazaları Elektron Hökumət portalına inteqrasiya olunacaq. Yəni, vətəndaş Elektron Hökumət portalına daxil olanda özünə aid olan bütün telefon nömrələrini özü görə biləcək. Artıq müqavilə olmadan hansısa nömrəni işlətmək mümkünsüz olacaq. İndiyə qədər nömrələrin kiminsə adına olmadan da şəbəkədə istifadəsi mümkün idi. Amma indi o da mümkünsüz olacaq”.

“İstənilən xidmət vətəndaşın mobil telefonuna da ötürüləcək”

Osman Gündüz qeyd edib ki, vətəndaşların mobil telefon nömrələri ilə bağlı məlumat bazaları, məlumatlar dəqiqləşəcək: “Məlumatlar Elektron Hökumət portalına inteqrasiya olunacaq və nömrələr dəqiqləşəndən sonra hər bir nömrənin arxasında bir adam dayanandan sonra bu nömrə üzərindən artıq müxtəlif xidmətlər verilməyə başlanacaq. Vətəndaş Elektron Hökumət portalına daxil olanda özünə aid olan bütün telefon nömrələrini özü görə biləcək. Yəni hökumət və ya istənilən digər qurum istənilən yerdə istənilən xidmətini vətəndaşın mobil telefonuna da ötürə biləcək. Həmçinin düşünürəm ki, bu nömrələrdən sui-istifadə edərək qeydi-qanuni addımlar atılmasının da qarşısını alına biləcək”.

Ekspert bildirib ki, müqavilədə sizin adınıza veriləcək olan sim kartın başqasına verilməsi qadağan olunacağı qeyd ediləcək : “Qaydalarda həmçinin nömrə və telefon itirilərsə dərhal polisə məlumat vermək tələbi də öz əksini tapıb. Vətəndaşlarla bağlı toplanan informasiya bazalarının təhlükəsizliyinin təmin edilməsi, qanunsuz olaraq digər tərəflərə verilməsinin qarşısının alınması istiqamətində də ciddi addımlar atılmalıdır” .

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər