Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən iyul ayında respublikamızın 6 rayonunda işsiz və işaxtaran vətəndaşlar üçün əmək yarmarkalarının təşkil olunması nəzərdə tutulur.
ƏƏSMN-nin ictmaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 15-də Qax, iyulun 22-də Şəki və Siyəzən, iyulun 24-də Quba və Gədəbəy, iyulun 30-da isə Xızı rayonlarında əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Yarmarkaların keçirilmə tarixi dəyişdirildiyi halda bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Yarmarkalarda həmin rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardakı boş (vakant) iş yerləri işsiz və işaxtaran şəxslərə təklif olunacaq. Tədbirlər zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota üzrə iş yerləri də təqdim ediləcək, habelə peşə hazırlığı və əlavə təhsil kurslarına, ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılacaq.
Qeyd edək ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti ölkənin 11 rayonunda əmək yarmarkaları keçirib və yarmarkalarda 766 nəfərə boş iş yerlərinə göndəriş verilib, 36 nəfər peşə hazırlığına, 39 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.
Naibə QURBANOVA