3 İyul 2015 12:50
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədir Əsgərov: "Bircə millimetrlik səhv bütün işi korlaya bilər"

Müasir İncəsənət Mərkəzində Azərbaycan Gənclər Fondunun dəstəyi ilə "Əsrlərdən miras qalmış incəsənətimiz!" adlı sərgi keçirilib. Nümayiş olunan əl işləri ilə yaxından tanış olmaq üçün sərgi keçirilən ünvana yollandıq.

Zala daxil olanda müxtəlif əl işləri diqqətimizi çəkdi. Taxta üzərində işləmələr, toxunan xalçalar, saxsı qablar, bijuteriyalar nümayiş etdirilirdi. Bütün işlərdə əl əməyi hiss olunurdu.

Layihə rəhbəri Şəfiqə Əhmədova ilə söhbətləşdik. Onun sözlərinə görə, sərgidə məqsəd bizə ata-babalarımızdan miras qalan incəsənət nümunələrini gənclərə tanıtmaq, bir növ, onların təbliğatını aparmaqdır: "Sərgi istedadlı gənclərin inkişafına dəstək olmaq, dekorativ-tətbiqi sənətə gənclərin və ictimaiyyətin marağını artırmaq və bu sənət üsulu vasitəsilə milli dəyərlərimizi gənclər arasında təbliğ etmək məqsədi daşıyır. Bəzi sənət növləri var ki, onlar bir o qədər maraq kəsb eləmir və inkişaf etdirilmir. Fikrimcə, ata-babalarımızın mirasına biz sahib çıxmalıyıq və incəsənətimizin inkişafına çalışmalıyıq".

Sərgidə Azərbaycanın qədim incəsənət nümunələri, həmçinin müasir incəsənət növləri ilə də tanış olmaq mümkündür. Filoqrafiya, quilling, xalçaçılıq, şəbəkə, taxta oyma, daş üzərində oyma, dekorativ əl işləri nümunələri gəncləri özünə cəlb edib.

Mismardan 300 manatlıq əl işi

Mərkəzin birinci zalında rəsm əsərlərinin üzərində mismarla işlənən əl işləri nümayiş olunur. Müəllifi Aytən Abbasova deyir ki, bu işlə uşaq vaxtından maraqlanıb: "Əlimə sarı karandaş alıb divarlara şəkil çəkərdim. Daha sonra çəkdiyim əsərləri mismarlarla işləməyi öyrəndim. Əvvəlcə şəkil çəkir, mismarlarla üzərində işləyir və müxtəlif variantlarda toxumağa başlayırdım. Gördüyüm işləri gənclərə öyrətmək üçün yaxın gələcəkdə dərnək açıb, bu sənətə davamçılar yığmaq istəyirəm. Çünki Allah hər bir insana yaradıcı ruh verib. Sadəcə, qığılcım lazımdır ki, o yaradıcı qabiliyyətin üzə çıxsın. Məndə də belə oldu.

Uşaq vaxtımdan rəsmə böyük marağım vardı. Sonra məktəbimizin divar qəzetini mənə həvalə etdilər. İşlənmiş əşyalardan yeni əşyalar düzəltməyi çox sevirdim. Amma ailə qurduqdan sonra bu həvəsim içimdə qalmışdı. Uşaqlar böyüdükdən sonra yenidən bu məşğuliyyətə qayıtdım".

Aytən Abbasova deyir ki, ilk əl işi payız ağacı olub: "Həmin işin üzərində 7 saat dayanmadan çalışdım. O vaxt keçirdiyim hisləri hələ də unuda bilmirəm. Bu sənət Türkiyədə 50 ildir yaranıb, Filoqrafiya adını alıb. Əsas iş mismarları düzgün aralıqda və eyni boyda dikəltməkdir. Sonra isə 3:4 toxunuş texnikasi ilə toxunulur.

Hazırladığım əl işlərini Türkiyədəki ustalar bəyəndilər. Onlar da bildirdilər ki, əlavə bir-iki toxunuş tətbiq etməyim Türkiyə üslubundan fərqləndirir. Bu sənətə sevgim dərindir. Hobbi kimi başladığım işi peşəyə çevirmək istəyirəm. İşlərin qiymətləri 15 manatdan başlayır. 300 manatlıq da əl işi sifariş edən olub və mən onu mismarlarla hazırlamışam".

Sərgidə daha çox xanımlar iştirak edir. Bakı Dövlət Universitetinin tələbəsi Aytac Əliyeva deyir ki, əl işi sənətinə maraq göstərir: "Mən bir gənc olaraq düşünürəm ki, belə sərgilərin keçirilməsi çox faydalıdır. Bu sənət əsərləri tarixdir. Nəsillərdən-nəsillərə ötürülür. Düşünürəm ki, biz gənclər də bizə miras qalan irsi qorumalıyıq".

Digər stendlərdən biri isə şəbəkə sənəti ilə məşğul olan Qədir Əsgərova məxsusdur.


Qədir Əsgərovun sözlərinə görə, şəbəkə sənəti xüsusi vərdiş və təcrübə tələb edən sahədir: " Mən bu işi incəliklə edirəm. Çünki burda əsas məsələ metalı hörməkdir. Bircə millimetrlik səhv bütün işi korlaya bilər".

Nuranə Qasımova deyir ki, bəzən insanlar belə əl işlərinə dəyər vermirlər: "Buna görə də belə zəhmət tələb edən əl işlərinin satışı çox aşağı səviyyədə olur. Bəzi insanlarda düşünür ki, əllə hazırlanıbsa, deməli, keyfiyyətsizdir. Məncə, hər birimiz bu cür işlərə dəyər verməliyik. Çünki əl əməyi ilə başa gələn işlərin dəyəri yüksəkdir".

"Keramik qabın və ya fiqurun ərsəyə gəlməsi bəzən bir ay çəkir"

Nurbəniz Mərdiyeva Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ tətbiqi sənət və xalq sənəti (keramika ) fakültəsini bitirib. Onun sözlərinə görə, rəssamlıq bacarığı nəsildən gəlir: "Atam oymaçı rəssamdır. Mən keramikanın sirlərinə akademiyada yiyələnmişəm. Çətin sənətdir. Keramik qabın və ya fiqurun ərsəyə gətirilməsi bəzən bir ay çəkir.

Akademiyanı bitirdikdən sonra keramika üzrə iş olmadığından dizayner işləmişəm. Toxumaqla da məşğul olmuşam. Hazırda vaxt tapanda toxuyuram. Amma barmaqlarım fərqli işləyir, hər kəsin toxuduğunu toxumuram... Müxtəlif moda sərgilərinə də qatılmışam. Bu sənətlə daha uzaqlara getmək niyyətindəyəm..."

İlhamə


Müəllif:

Oxşar xəbərlər