11 İyul 2015 20:11
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəfəq Azər: “Zibil görəndə polisə şikayət eləmək lazımdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ötən ayın 16-dan 30-dək ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Departamentin sektor müdiri Raqib Mirzəyevin sözlərinə görə, araşdırmalar zaman ümumilikdə 185 akt və protokol tərtib olunub, qanun pozuntusuna yol vermiş 62 şəxs 180 min manat məbləğində cərimələnib.

Ətraf mühitin çirkləndirilməsilə bağlı ayrı-ayrı fiziki və hüquqi şəxslərə isə 85 min manat məbləğində ödəmə tətbiq edilib.

Bu cür cəza tədbirlərinin tətbiqinə baxmayaraq ətraf mühitin çirklənməsində cəmiyyətin aktiv fəallığı səngimir. Şəhərdə hər tində zibil qabları olan mərkəzi küçələrdə belə, zibili ətrafa, yola, avtobus dayanacaqlarına atan insanlara çox rast gəlinir.

Sərt qanunlar hesabına...

Ətraf mühitin mühafizəsində tullantıların düzgün idarə olunmasını ən vacib amil hesab edən Almaniya “Braunschweig” məktəbləri üzrə pedaqoji-metodiki seminarlar rəhbəri Şəfəq Azərin sözlərinə görə, məhz maarifləndirmə işlərinin zəifliyi üzündən ekoloji problemlər əhalini narahat etmir: “Bizim ölkədə bəzi insanlar öhdələrinə düşən işi lazımınca görmür, yaxud da görmək istəmirlər. Biz ətraf mühiti qorumağı sanki başqalarına həvalə edirik. Yalnız öz evini, həyət bacasını təmizləyib yolları, küçələri çirkləndirənlər isə haqlı olduqlarını düşünürlər.

Bakı şəhərinə rayonlardan gələn yollarda, yaxud Bakıdan rayon istiqamətinə çıxan magistrallar boyu ağacların başında uçuşan boş plastik torbalar, su qabları, həyat üçün təhlükə mənbəyi olan zibilliklər, ictimai yerlərdə kanalizasiya sistemi, suyu düzgün işləməyən tualetlər, əl-üz yumaq üçün yerlər lazımi gigiyenik qaydalara uyğun gəlmir. Axı, bunlar hər hansı bir xarici qonağın ən çox diqqət etdiyi məqamlardır. İnsanlar bütün bunları adi hal kimi qarşılamaqdan beziblər".

Şəfəq Azər hesab edir ki, ətraf mühitin çirklənməməsi və digər ekoloji problemlərin aradan qaldırılması üçün müxtəlif proyektlər icra etmək olar və bu proyektlərə hətta şagirdləri, yaşlıları, cəmiyyətin bütün təbəqələrindən olan vətəndaşları cəlb etməklə bütünlükdə cəmiyyəti maarifləndirmək mümkündür: “İlk baxışdan xırda görünən bu məsələnin sonda bizə necə ciddi problemlər yaratdığını hamımız anlamalıyıq. Qanunları vətəndaş bilməli və maariflənməlidir.

Yol gedən sərnişin, sürücü eyni şəkildə ətrafa zibil atarsa, müvafiq inzibati tədbir görülməlidir. Hətta polisə də şikayət eləmək olar. Misal üçün, Avropada belə qanunlar var və amansızlıq kimi görünsə də, alman xalqı bunu fəxrlə edir. Nəticədə təmiz və açıq yoldan onun övladları, qohum-əqrəbaları rahat və ürəklə istifadə edə bilirlər.

Qanun-qaydalara əməl etməyənlərə qarşı cəzalar sərtləşdirilməlidir. Bundan başqa, şəhər, qəsəbə və kəndlərin təmizliyinə riayət edilib-edilmədiyini yoxlamaq üçün sanitarlardan başqa, səlahiyyətli şəxslər ətrafa güclü nəzarət etməlidirlər".

Qeyd edək ki, Bakı şəhərində tullantıların toplanması və daşınmasını Bakı Şəhər İcra Hakimiyyəti yanında Bakı Mənzil Kommunal Təsərrüfatı Departamenti həyata keçirir.

Zibildən elektrik enerjisi

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vüqar Babanın sözlərinə görə, yığılmış tullantılar ASC-yə qarışıq şəkildə təhvil verilir. Bu tullantılar Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidlənir, təkrar emala yararlı olan tullantılar ümumi kütlədən ayrılır və yığılaraq təkrar emal müəssisələrinə göndərilir. Qalanlar isə Bərk Məişət Tullantılarının Yandırması Zavoduna nəql edilir. Burada tullantılar yandırılaraq ondan elektrik enerjisi əldə edilir: “Bu enerjinin bir qismi zavodun fəaliyyətinə sərf olunur, digər qismi isə ”Azərenerji" ASC-yə ötürülür. Bu enerji 100 min mənzilli elektriklə təmin edilməsinə xidmət edə bilər".

Vüqar Baba hesab edir ki, əgər əhali arasında geniş maarifləndirmə işləri aparılsa, cəmiyyət də tullantını xammal və enerji mənbəyi kimi qiymətləndirsə, ətraf mühitin mühafizəsində və tullantı emalında Azərbaycanda da qısa müddətə irəliləyişə nail olmaq mümkündür: “Tullantı bəzən puldur, bəzən elektrik enerjisidir, bir insan üçün lazımsız olsa da, başqasının işinə yarayan dəyərli əşyadır. Ona görə biz tullantıya lazımsız yox, dəyər kimi baxmalıyıq, onun tərkibində enerji və təkrar emal oluna biləcək xammal var, ondan yenidən istifadə edib qazanc götürmək mümkündür.

Bu baxımdan, insanlar arasında tullantıya dəyər verilməsi kimi geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Əlbəttə, əhalidən tələb etmək çətin olar ki, zibili evdə çeşidləyin, hər bir tullantını ayrı-ayrı torbalara toplayın. Bununla həm insanlar əlavə əziyyət çəkməli olar, həm də bu praktiki mümkün deyil. Amma zibili ən azından qida tullantıları və qeyri-qida tullantılarına ayırmaq olar.

Məsələn, qida tullantıları ilə qarışan, yaxud islanmış kağızları təkrar emalda istifadə etmək çox çətindir. Bu cür çeşidləmə aparılsa, onlardan həm təkrar istifadədə, həm də enerji dəyərindən istifadədə daha böyük fayda hasil olunar. Hazırda isə biz çeşidləmə zavodunda qarışıq formada təhvil verilən zibili çeşidləməyə çalışırıq".

Qala təcrübəsi

2010-cu ildən Qala qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən pilot layihə həyata keçirildiyini deyən ASC rəsmisi bildirdi ki, bu layihənin icrasından uğurlu nəticələr əldə olunub: “Bu layihə əhali arasında xeyli maarifləndirmə işi görüb. Hazırda Qala qəsəbəsinə yolu düşən adam bunun şahidi olur. Əhali arasında əvvəlcədən maarifləndirmə işləri aparıldı ki, qida tullantıları ilə qeyri-qida tullantıları qəsəbədə müxtəlif rənglərdə qoyulan göy və yaşıl zibil qutularına atılsın. Həmin qutulardan müvafiq olaraq göy zibil qutusundakı yük göy zibil maşınına, yaşıldan isə yaşıl maşına yüklənir. Yəni bu zibillər toplananda da qarışmır. Ona görə də Qala qəsəbəsində təkrar emal üçün götürülən bir ton tullantı daha yararlı olur”.

Mətbuat katibi onu da vurğuladı ki, ənənəvi olaraq bir neçə ildir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə “Tullantıdan Sənətə” adlı layihə icra edilir: “Biz bununla əhaliyə bildirmək istəyirik ki, tullantıdan nəinki təkrar istifadə etmək, nəinki yandırıb tərkibindəki enerjini almaq olar, hətta ondan incəsənət nümunələri də hazırlanmaq mümkündür”.

Sevil


Müəllif: