İyulun 13-də Koreya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İn Lənkəranda olub.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov ilə keçirilən görüşdə Lənkəranın coğrafi mövqeyi, əhalinin məşğulluğu, sosial-iqtisadi inkişafı, turizm potensialı barədə ətraflı məlumat verilib.
Koreyalı diplomat Lənkəran barədə müəyyən bilgiyə malik olduğunu, bu gün isə bu əsrarəngiz diyara qonaq gəlməsindən məmnunluq hissi duyduğunu bildirib.
Söhbət zamanı Koreyada olduğu kimi, Lənkəranda da çəltikçiliyin inkişaf etdirildiyi xüsusi vurğulanıb, oxşar cəhətlərdən söhbət açılıb.
Görüşdə, həmçinin Lənkəranla Koreya Respublikasının şəhərləri arasında qardaşlaşma məsələləri də müzakirə olunub.
Görüşün sonunda səfir Çoi Suk-İnə Lənkəran sənətkarlarının əl ilə toxuduqları xalça hədiyyə edilib.
Koreya Respublikasının səfiri Lənkəranda rayonun gəzməli-görməli yerlərini gəzib, Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olub.