Rəşid Mahmudov: “Körpənin cift qanı banklaşdırılsa...”
Son vaxtlar kütləvi informasiya vasitələrində ana olmaq ərəfəsində olan qadınlara, yeni uşaq gözləyən ailələrə “doğulacaq körpənizin cift qanını saxlayaraq onun həyatını sığorta edin” deyə müraciətlər səslənir.
Tibb Universitetinin dosenti, fizioloq alim Rəşid Mahmudovun sözlərinə görə, buna səbəb kök hüceyrələr vasitəsilə xəstəliklərin müalicə edilməsidir ki, bu ana hüceyrələr də ən çox körpənin cift qanında toplanır.
Kök hüceyrə nədir?
Rəşid Mahmudov bildirdi ki, kök hüceyrələri həm öz surətlərini meydana gətirə bilən, həm də orqanizmin hər hansı bir hüceyrəsində inkişaf etdirilə bilən yetişməmiş hüceyrələrdir: “Eyni zamanda, Allah insanı yaradanda hər on min hüceyrəyə bir dənə kök hüceyrə qoyur ki, o orqan zədələnsə, o hüceyrə bölünsün, inkişaf etsin, regenerasiya getsin. İnsan özü tək hüceyrədən yaranır. Ana bətnində dişi və erkək hüceyrələrin mayalanmasından dörd gün keçdikdən və bir neçə hüceyrə bölünməsindən sonra totipotent adlanan mayalanmış yumurta hüceyrələri müxtəlifləşməyə başlayır və blastosit adlanan içi boş kürəyə çevrilirlər.
Blastositdə biri xarici təbəqə, biri də kürənin içindəki daxili təbəqə olmaqla iki hüceyrə növü var. Blastositin xarici təbəqəsindən doqquz ay ərzində körpənin qidalanmasını və tənəffüsünü təmin edən cift və qoruyucu göbək ciyəsi, daxili hüceyrə təbəqəsindən isə göz, ürək, beyin, əzələlər, sümüklər kimi toxuma və orqanlar əmələ gəlir. Daxildəki bu hüceyrə yığını müxtəlif toxuma və hüceyrə növlərinə çevrilə bilir. Müxtəlif hüceyrə növlərinə çevrilmə və özünü yeniləmə qabiliyyətinə malik olan bu hüceyrələrə kök hüceyrə deyilir. İnsan bədəninin bütün ehtiyat orqanları kök hüceyrədən əldə oluna bilər. Hər hansı orqan sıradan çıxırsa, kök hüceyrə bölünərək onun yerini tutur".
“Azərbaycanda körpə ciftinin banklaşdırlmasının yaradılması mümkündür”
Kök hüceyrələrinin belə bir funksiyaya malik olmasının ilk dəfə 1998-ci ildə kəşf edildiyini deyən fizioloq qeyd etdi ki, hazırda dünyanın müxtəlif ölkələrində bu sahədə geniş tədqiqatlar aparılır: “İlk dəfə Amerika alimi Beker kök hüceyrənin bu funksiyasını kəşf edib. Amma təəssüf ki, o, düz yolla getmədi. O, kök hüceyrədən canlı almağa, kulonlaşdırmaya başladı. İndiyədək 17-dək canlı alınıb, siçan, qoyun, it, dovşan və sair. Din xadimləri onun əleyhinə çıxdı. Eyni zamanda, dərman firmaları da təşvişə düşdü ki, bu kəşf dərman biznesinə son qoyacaq. Corc Buşun prezidentliyi dövründə Bekerin fəaliyyəti məhdudlaşdırıldı. Obama hakimiyyətə gəldikdən sonra ilk qərarı Bekerin fəaliyyəti ilə bağlı oldu. Hazırda təkcə Amerikada deyil, Fransada, İngiltərədə, Türkiyədə, Hollandiyada, Yaponiyada geniş tədqiqatlar aparılır. Fransızlar son 5 ildə kök hüceyrəsi ilə bağlı apardıqları tədqiqatların nəticəsi olaraq bu qənaətə gəliblər ki, hər bir dişin özünün mayası, kök hüceyrəsi olmalıdır. Yəni dişi çəkdinsə, onun yerinə yeni diş bərpa etmək mümkündür və 28 günə diş əmələ gəlir. Milyonlarla şəkər xəstəsi var, çünki beta hüceyrə zədələnib. Həmin ehtiyat hüceyrə vena damarla orqanizmə ötürülür və beta hüceyrə bərpa olunur”.
Rəşid Mahmudov dedi ki, insan yaşa dolduqca kök hüceyrələrin sayı azalır “Kök hüceyrələr rüşeym və yetkin kök hüceyrəsi olmaqla iki mənbədən əldə edilir. Kök hüceyrələr ən çox uşaq anadan olanda ciftdəki qanda toplanır. Bir də körpənin göbək ciyəsindən götürülən qandan əldə etmək mümkündür. Götürülən qanın içərisinə limon turşusu və 5 faizli natrium duzu qarışdırıb maye azotda saxlanır. Müxtəlifləşmiş toxumalardakı müxtəlifləşmiş bu hüceyrələr hər yaşda insanda olur, amma insan yaşa dolduqca kök hüceyrələr azalır. Yetkin kök hüceyrələri sümük iliyi, əzələ, göz, sinir, dəri kimi toxumalarda olur və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir. Məsələn, sümük iliyindən əldə edilən kök hüceyrələri qan xərçənginin müalicəsində istifadə edilə bilər. Mənfi 196 dərəcədə kök hüceyrələri qandan ayırırlar . Banklaşdırılan bu hüceyrələri yüz illərlə saxlamaq mümkündür. Ona görə də hamilə qadınlar müayinəyə gedərkən həkimlərin bu barədə onlara məlumat verməsi çox vacibdir. Xüsusi bir firma var, Türkiyədən gəlib, bu işlə məşğuldur. Amerikada, Danimarkada, Qırğızıstanda, Almaniyada bununla bağlı laboratoriyalar var”.
Rəşid Mahmudov dedi ki, körpə ciftinin banklaşdırılmasının Azərbaycanda yaradılması da mümkündür: “Danimarkda banklaşdırma 5 min manata başa gəlir ki, buna da hər ailənin imkanı çatmır. Yaxud elə sənədləşdirmək olar ki, aylıq məvacibi az olanlar da ayda 150 manat ödəməklə bu işi reallaşdıra bilər”.
Fizioloq alim onu da bildirdi ki, körpənin cift qanının təkcə özünün xəstəliklərdən müalicəsində deyil, ata, ana, bacı, qardaş və ya digər yaxın qohumların da müalicəsində tətbiqi mümkündür: “Amma bu geniş tədqiq olunmalıdır. Məsələn, uyğunluğun olub-olmaması üçün 6 zülal üzrə analiz aparılmalıdır. Kimə tətbiq olunacaqsa, hərtərəfli müayinə edilib, öyrənilməlidir. Əlbəttə ki, ən yaxşısı özünə tətbiq edilməsidir. Arzu edirəm ki, gələcəkdə hər bir körpənin cift qanı banklaşdırılsın. O zaman heç bir dərmana, iynəyə ehtiyac qalmaz. Bununla insanlar xəstəliklərdən, dərman asılılıqlarından qurtarar. İnsan azadlığını sağlamlıqda görürəm. Hazırda ekoloji çirklənmə hər cür xəstəliklərə zəmin yaradır. Ona görə valideynlər dünyaya gələn körpələrinin qarantına bəri başdan nail olsalar, o uşaqda gələcəkdə hansı xəstəlik yaranır-yaransın, onu sağlamlaşdırmaq mümkündür. Bu önəmli məsələ xalqımıza çox lazımdır”.
Sevil