21 Sentyabr 2015 16:11
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu “Qarabağ” arxeoloji ekspedisiyası 2015-ci il çöl tədqiqatları mövsümündə Ağdam və ətraf rayonlarda arxeoloji araşdırmaları davam etdirir.

İnstitutun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Pərviz Qasımovun Teleqraf.com-a verdiyi məlumata görə, professor Hidayət Cəfərovun rəhbərlik etdiyi “Qarabağ” arxeoloji ekspedisiyası əsaslı stasionar arxeoloji qazıntıları Ağdam rayonunun Mirəşelli və Yüzbaşılı kəndləri arasındakı Palıdlı nekropolunda aparıb.

2009-cu ildən planlı çöl-tədqiqatlarının aparıldığı Palıdlı nekropolunda bu ilki mövsum də daxil olmaqla 36 torpaq qəbri öyrənilib. Tədqiqatların ilk günlərindən qeyd edildiyi kimi Palıdlı nekropolunda tədqiqatlara başlayana qədər Qarabağda belə qəbir tiplərinə rast gəlinməmişdi.

Xatırladaq ki, “Palıdlı” nekropolunda əvvəlki illərdə yalnız dəmir xəncər, yaxud dəstəyi tunc, tiyəsi dəmirdən olan xəncərə təsadüf olunsa da, bu il tədqiq edilmiş 34 saylı torpaq dəfnində tiyəsi dəmir, qını və başlığı tuncdan olan xəncərlərə ilk dəfə təsadüf olunur. Eyni sözləri at başı fiquru və skipetr haqqında da söyləmək olar. Tədqiqatçıların fikrincə, cavan cəngavərə - qoşun başçısına məxsus bu zəngin qəbir 2015-ci ilin elmi nailiyyətləri sırasına daxil edilə bilər. Bunu həm dəfn mərasimi, həm də maddi-mədəniyyət nümunələrinin zənginliyi söyləməyə imkan verir. Bu il tədqiq edilmiş qəbirlər e.ə. XII-XI əsrlərə, yəni son tunc dövrünə aid olunur.

Ekspedisiya həmçinin həm Ağdam, həm də qonşuluqdakı Ağcabədi, Bərdə və Tərtər rayonları ərazisindəki arxeoloji abidələrə də baxış keçirmişdir. Bərdə arxeoloji ekspedisiyasının rəisi professr Arif Məmmədovla birgə “Qarabağ” arxeoloji ekspedisiyası Bərdənin Həsənqaya torpaq nekropolu materiallarını muzeyə vermiş, muzeydəki eksponatların dövrünü dəqiqləşdirmiş, fotolarını çəkmiş, antik dövr Şortəpə və tunc dövrü Balatəpə abidələrinə baxış keçirmişdi.

SEVİL


Müəllif:

Oxşar xəbərlər