18 Dekabr 2015 13:21
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Gənc Tamaşaçılar Teatrında “Anamın Kitabı” dramaturgiya müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. Əvvəlcə mükafatın keçənilki qalibi Sevinc Elsevərin “Ürəyində Arzu tut” pyesi əsasında hazırlanmış “Arzu və Murad” tamaşası nümayiş olundu.

Daha sonra əməkdar incəsənət xadimi Bəhram Osmanov tamaşaçılara və qonaqlara “Anamın Kitabı” mükafatı barədə məlumat verdi.

Layihənin ideya müəllifi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq “Anamın kitabı”nın yaranma ideyasından danışdı: “İlk dəfə belə bir ideya yarananda hörmətli akademikimiz İsa Həbibəyli ilə bu barədə məsləhətləşdim. O, bu fikri çox bəyəndiyini dedi və layihənin keçirilməsinə dəstək oldu. Müsabiqə zamanı müəlliflərə belə bir şərt qoymuşduq ki, göndərdikləri əsərlər milli dövlətçilik ideyalarına xidmət etməlidir.

Təəssüf ki, bu il müsabiqənin qalibi olmadı. Ona görə də qərara gəldik ki, bundan sonra mükafatlandırma mərasimi iki ildən bir keçirilsin”.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Məmməd Əliyev də tədbirin yüksək təşkil olunduğunu qeyd etdi.

AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibəyli çıxışında dram əsərlərinin azlığına diqqət çəkdi: “Bildiyiniz kimi, dram əsəri yazan müəlliflərin sayı elə də çox deyil. “Anamın Kitabı” mükafatı da məhz gəncləri bu sahədə həvəsləndirmək məqsədilə təsis olunub. Müsabiqəyə göndərilən əsərləri oxudum. Gəldiyim qənaətə görə, yazarlarımız teatrı görmədən, onun səhnə imkanlarını bilmədən dram əsərləri yazırlar. Buna görə də onlara məsləhət görərdim ki, teatrlarımızda tez-tez olsunlar”.

Daha sonra qalibləri mükafatlandırma mərasimi başladı. I yer müəyyən olunmadığına görə digər yerlərin iştirakçıları bir-bir səhnəyə dəvət olundular. II yerə Elnur Rzayevin “Qar gözləyərkən”, III yerə Ülviyyə Mustafayevanın “Erməni lavaşı”, IV yerə Zaur Vedilinin “Yurd itkisi” əsərləri layiq görüldü.

“Qızıl heraldika” pyesinə görə Xəyalə Murada fəxri fərman, uğurlu iştiraka görə isə Orxan İsmayıla diplom verildi.

“Anamın Kitabı” ədəbi mükafatı Hədəf Nəşrləri tərəfindən milli ədəbiyyatın inkişafına dəstək məqsədi ilə təsis edilib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər