Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin yanvar-mart aylarının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
Teleqraf.com xəbər verir ki, müşavirədə Dövlət Komitəsinin mərkəzi Aparatının şöbələri ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər.
Tədbirdə əvvəlcə cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin, mülki vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbiri giriş sözü ilə açaraq bildirib ki, son günlər Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatları nəticəsində qoşunların təmas xəttində gərginlik yaranıb. Bu təxribatların qarşısının alınması məqsədi ilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində ordumuz əhəmiyyətli irəliləyiş əldə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş verənlərlə əlaqədar Təhlükəsizlik Şurasının iclasında ölkəmizin müdafiəsinin və əzəli torpaqlarını işğaldan azad etməsinin xalqımızın haqqı olduğunu qeyd edib və buna etinasız yanaşan düşmənin layiqli cavab alacağını bildirib.
Mübariz Qurbanlı qeyd edib ki, hazırda davam edən müharibə şəraitində Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranmış şəraitə uyğun qurmalıdırlar. Bölgə şöbə müdirləri və əməkdaşları, eyni zamanda dini icma üzvləri əhali ilə sıx təmasda olmalı, şəhidlərimizin dəfn mərasimində iştirak etməlidirlər.
Komitə sədri Azərbaycan əleyhinə ermənilərin güclü təbliğat apardıqlarını, yalan informasiyalar yaydıqlarını vurğulayıb. Bu məlumatlar bölgələrdə bizim əleyhimizə istifadə oluna bilər. Ona görə də belə məsələlərə yüksək həssaslıqla yanaşmaq lazımdır.
Daha sonra müşavirədə cari ilin yanvar-mart aylarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yerlərdə dini radikalizmə qarşı keçirilən maarifləndirmə tədbirləri müzakirə edilib.
Bəkir