"Taleh Bağırovun tərəfdarı dedi ki, silah özünə məxsusdur"
Günün ikinci yarısında Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şamil Abduləliyevin vəkilinin onun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.
Daha sonra Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili Şahlar Cəfərov ifadə verib.
Şahlar Cəfərov bildirib ki, hadisə günü idarəyə məlumat daxil olandan sonra Nardaranda əməliyyat keçirilib. Onun sözlərinə görə, əməliyyat zamanı xəbərdarlıq edilməsinə baxmayaraq, evdə olan şəxslər onlara tabe olmayıblar və atışma baş verib. O, əlində silah olan Cabbar Cabbarovu zərərsizləşdirib.
Cabbar Cabbarov tapançanın özünə məxsus olduğunu, polisə qarşı istifadə etmək üçün əlində saxladığını, polisə silahlı müqavimət göstərmək barədə göstərişi isə onlara Taleh Bağırov verdiyini bildirib. 26 noyabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb.
Bu zaman təqsirləndirilən şəxslər Taleh Bağırov və Abbas Hüseynov hadisədən sonra Şahlar Cəfərovu onlara işgəncə verməkdə suçlayıb. Şahlar Cəfərov təqsirləndirilən şəxslərin yalan danışdığını, onun heç kimə işgəncə vermədiyini deyib.
Bu zaman prosesdə gərginlik yaranıb. Təqsirləndirilən şəxslərin səs-küy salmalarına hakim etiraz edib. Hakim prosesdə təqsirləndirilən şəxslərə dəfələrlə xəbərdarlıq edib.
Məhkəmə iclası sentyabrın 7-nə təyin edilib.
13.59
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov, birliyin 16 əməkdaşı, həmçinin AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Ceyhun İmamverdiyev hakimin, dövlət ittihamçısının, təqsirləndirilən şəxslərin və vəkillərinin suallarını cavablandırıb.
Ceyhun İmamverdiyev bildirib ki, təqsirləndirilən şəxslərə saxlanılan zaman və istintaq müddətində işgəncə verilməyib.
Vəkil Yalçın İmanov Taleh Bağırovun olduğu evin həyətinə əlavə mühafizə qüvvələrinin daxil olub-olmamasını soruşub. O, əlavə qüvvələr görmədiyini deyib.
İclasda təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun ev dustaqlığına buraxılması istəyib. Məhkəmə vəsatətlə bağlı qərarı fasilədən sonar elan edəcək.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov