Mingəçevir şəhər polis şöbəsinin qarşısında qanunsuz aksiya keçirməkdə, polisə müqavimət göstərməkdə təqsirli bilinən Dilqəm Mahmudzadə, Taleh Hacıyev və İlkin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Dilqəm Mahmudzadə 4 il, İlkin Abdullayev isə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Taleh Hacıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 3 il sınaq müddəti olmaqla 6 il 6 ay şərti cəza alıb.
Dilqəm Mahmudzadə Cinayət Məcəlləsinin 233-ci (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə, Taleh Hacıyev və İlkin Abdullayev 288.4-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddə ilə ittiham olunub.
Ötən ilin avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir polis şöbəsinə gətirilmiş Bəhruz Hacıyevin inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən aşağı atıb. Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə-tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib.
Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, polis şöbəsinin bir avtomobili isə yararsız hala salınıb.
İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun inzibati qaydada tədbir görülüb. Dilqəm Mahmudzadə, Taleh Hacıyev və İlkin Abdullayevdir. Hər üç şəxsin barəsində cinayət işi başlanıb.
Hacı Zeynalov