Bakı Apelyasiya Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Tehran Musayev barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə Tehran Musayevin şikayəti üzrə ilkin baxış iclası olub.
Prosesdə Tehran Musayevin anket məlumatları dəqiqləşdirilib, daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı noyabrın 16-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tehran Musayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Tehran Musayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
İttihama görə, İsmayıl Surxayev və Tehran Musayev 2012-2013-cü illərdə Suriya Ərəb Respublikası ərazisində ağır və xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış “Cəbhət ən-Nusra” adlı cinayətkar birliyin tabeliyindəki, istintaqa “Ömər Şişani” ləqəbi ilə məlum olan şəxsin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” adlı qanunsuz silahlı birləşmənin tərkibində, Səbuhi Cəfərzadə isə adı çəkilən birliyin istintaqa “Əbu Əli” ləqəbi ilə məlum olan şəxsin rəhbərlik etdiyi dəstəsində fəaliyyət göstəriblər.
Belə ki, Tehran Musayev “Ömər Şişani”nin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar” silahlı birləşməsinin üzvü, qohumu Məhəmməd Bağırovun təklifi ilə göstərilən birliyə daxil olmaq məqsədilə 16 oktyabr 2012-ci ildə Səbuhi Cəfərzadə ilə birlikdə Türkiyənin Hatay şəhərinə gediblər. Oradan Türkiyə-Suriya dövlət sərhədini qanunsuz keçərək Artma şəhərinə - müxtəlif xarici ölkələrdən oraya yeni gələn şəxslər üçün nəzərdə tutulmuş qəbul məntəqəsinə gəliblər və Ömər Şişaninin rəhbərlik etdiyi “Ceyşül-Mühacirin və Ənsar”silahlı birləşmənin fəaliyyətində iştirak etməyə razılıq veriblər.
Bir həftədən sonra Tehran Musayev Azərbaycana geri qayıdıb. O, qohumu Məhəmməd Bağırovun tapşırığı ilə qabaqcadan əldə olunmuş razılaşmaya əsasən, İsmayıl Surxayevlə əvvəl Gürcüstana, oradansa Türkiyəyə gəlib. İsmayıl Surxayev ayağına qaynar su dağıldığından yanıq xəsarətləri aldığına görə, yoluna davam edə bilməyib, İstanbulda qalıb. Sonradan, 12 dekabr 2012-ci ildə İsmayıl Surxayev Hatay şəhərinin Reyhanlı rayonu istiqamətində sərhədi qanunsuz keçərək Artmaya gəlib və “Ceyşül-Mühacirin və Ənsar”ın tərkibinə qoşulub.
Qeyd edək ki, cinayət işində adı keçən İsmayıl Surxayev 11 il və Sənan Cəfərzadə isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onların işi ayrıca icraatda araşdırılıb.
Hacı Zeynalov