Bu gün ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə istintaqı başlanacaq.
Teleqraf.com xəbər verir ki, Akif Çovdarov və digər şəxslərin cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Həbib Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılır. Cinayət işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır.
Akif Çovdarov və digərlərinin cinayət işi üzrə məhkəmənin bir aya yaxın davam edən hazırlıq iclası ötən həfyə yekunlaşıb.
Bu gün cinayət işi üzrə məhkəmə istintaqı başlanacaq. Saat 11.00-a təyin olunan prosesin əvvəlində prokuror ittiham aktını elan edəcəyi gözlənilir.
Proses qapalı keçirilir.
Akif Çovadarov və digər şəxslər Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
Akif Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Hacı Zeynalov