Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə davam etdirilməli olan məhkəmə prosesi təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, buna səbəb hakim Mirzə Xankişiyevin prosesə qatılmaması olub.
Mirzə Xankişiyevin səhhətində problem olduğu üçün məhkəməyə gəlməyib və onun bu günə təyin edilmiş bütün prosesləri qeryri-müəyyən günədək təxirə salınıb.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Maşallah Əhmədovun 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Maşallah Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.
Maşallah Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. 1977-ci ildən "Neftçi" klubunda oynayıb. 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.
Hacı Zeynalov