Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Dünyamin Xəlilovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Dünyamin Xəlilov həbs edilib.
Sabiq deputat Beynəlxaq Bank əməliyatı zamanı həbs edilən şəxslərdəndir. Bankın sabiq idarə heyyətinin sədri olmuş Cahangir Hacıyevdən sonra Dünyamin Xəlilov da digərləri ilə birlikdə həbs edilib.
Dünyamin Xəlilov sabiq deputat olmaqla yanaşı, həm də iş adamıdır. O, “Globus Plaza”nın sahibidir.
Xatırladaq ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Dünyamin Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub.
Cahangir Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət Dünyamin Xəlilov idarə edib. Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Dünyamin Xəlilov və onunla birlikdə ittiham olunan digər şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 2-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov